Azərbaycan–Pakistan strateji tərəfdaşlığı
Azərbaycan və Pakistan arasında müdafiə sənayesi və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə münasibətlərində yeni mərhələ açır. İslamabadda baş tutan görüşdə paritet əsaslı investisiya şirkətinin yaradılması, SOCAR-ın Pakistanın enerji sektorunda fəaliyyəti və “Ağ neft kəməri” layihəsi kimi strateji istiqamətlər müzakirə edilib. Tərəflər həmçinin müdafiə, infrastruktur, heyvandarlıq, turizm və İT sahələrində əməkdaşlığı daha da gücləndirməyə razılıq veriblər.
Mövzu ilə bağlı politoloq Turab Rzayev "İnformator.az"a bildirib ki, Azərbaycan regional əməkdaşlığın formalaşdırılmasında, xüsusilə bölgə ölkələri ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli münasibətlərin qurulmasında mühüm rol oynayır:
"Azərbaycanın Əfqanıstana və Pakistana baxışı da bu strateji xəttin tərkib hissəsidir. Hazırda ölkəmiz prioritet olaraq Türk Dövlətləri Birliyi istiqamətində siyasət yürüdür və biz bu xətt üzrə davam etmək niyyətindəyik. Azərbaycan nə Rusiyanın, nə ABŞ-nin, nə Avropanın, nə də Çinin orbitində olmaq istəyir. Ölkə daha çox Türkiyə və digər türk respublikaları ilə birlikdə Türküstan coğrafiyası əsasında yeni strateji xətt formalaşdırmağa çalışır. Bu çərçivədə ilk olaraq Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edib. Sonrakı mərhələdə Türküstan regionu ilə əlaqələr genişləndi. Dövlət başçısının Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstana səfərləri bu siyasətin bariz nümunəsidir”.
Azərbaycanın hədəfi yalnız türk ölkələri ilə kifayətlənmədiyini bildirən politoloq qeyd edib ki, hazırda “Turan Plus” formatı kimi modellər üzərində də düşünülür:
“Bu formatda bizə yaxın olan Macarıstan artıq iştirak edir. Bundan əlavə, Tacikistanın da prosesə qoşulmasını istəyirik, çünki Azərbaycan-Tacikistan münasibətləri kifayət qədər güclüdür. Eləcə də Əfqanıstan və Pakistanın bu formatda yer alması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə uyğun olduğu təqdirdə İran və digər bölgə ölkələri də bu təşəbbüslərə töhfə verə bilər. Azərbaycan həmçinin Türkmənistandan keçməklə Əfqanıstana elektrik xəttinin çəkilməsi, Özbəkistanın Əfqanıstana dəmir yolu və avtomobil xəttinin uzadılması, eləcə də fiberoptik xətlərin qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Azərbaycan eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çıxışını təmin etməyə çalışır. Məsələn, Özbəkistanda yeni qaz yatağının kəşfi, Pakistan bazarında SOCAR-ın fəaliyyətini genişləndirmək planları və digər layihələr regionda qarşılıqlı iqtisadi inteqrasiyanı gücləndirən addımlardır. Bütün bunlar göstərir ki, Azərbaycan bölgədə sinerji yaratmağın, qarşılıqlı əməkdaşlığın və faydalanmanın tərəfdarıdır. Azərbaycan Pakistanı və Əfqanıstanı yalnız siyasi tərəfdaş kimi deyil, geniş regional strategiyanın vacib komponentləri kimi görür. Pakistan uzun illər müharibə şəraitində formalaşmış güclü müdafiə sənayesinə malikdir. Bu sənaye həm keyfiyyətli, həm də əlçatan silahlar istehsal edir. Çox zaman digər ölkələr Azərbaycana silah satmağa qadağa qoyduğu hallarda Pakistan və ya Çinin ortaq istehsal etdiyi məhsullar daha rahat şəkildə əldə olunur. Bu, Azərbaycanın müdafiə sahəsində əhəmiyyətli üstünlüklərindən biridir. Həm Azərbaycan öz təcrübəsini paylaşa bilir, həm də Pakistan bu sahədə ölkəmizə xüsusi dəstək verə bilər”.
Ağ neft kəmərinin ilk versiyasının Pakistanda ərəblərlə birgə çəkildiyini bildirən Turab Rzayev qeyd edib ki, kəmər Kalaçidən Mehmund Kotadək ağ neft məhsullarının daşınması üçün nəzərdə tutulub:
“Çünki Pakistanda neft məhsulları kifayət qədər deyil və limanlardan avtomobil yolu ilə daşınması həm baha başa gəlir, həm ekoloji problemlər yaradır, həm də logistik olaraq çətindir. İndi isə bu kəmərin yeni qolunun çəkilməsi planlaşdırılır. Yeni xəttin Karaçidən birbaşa Əfqanıstan sərhədinə qədər uzadılması nəzərdə tutulur. İllik 7 milyon ton daşıma gücünə malik olacaq bu xətt gələcəkdə 10 milyon tona qədər artırıla bilər. Layihəni Pakistan İnvestisiya Fondu, Pakistan–Ərəb ortaq rafineriyası və digər dövlət şirkətləri həyata keçirib və bu layihədə SOCAR-ın potensial iştirak ehtimalı da mövcuddur".
Xumar Emilqızı
