Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Bu nəşr Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Dövlət Turizm Agentliyi 2025-ci il fevralın 3-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan etmişdi. Müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsi olmuşdur.
Qrant müsabiqəsində bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər iştirak edə bilərdi.
Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması məqsədini daşıyırdı. Müsabiqə çərçivəsində layihələr əsasən “turistik kənd”lərdə (Duruca, İvanovka, Bibiyani, Sım və Qrız kəndləri) turizm infrastrukturunun inkişafı, ətraf mühitin mühafizəsi, qadınların və gənclərin dəstəklənməsi, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətlərini əhatə edir. Layihələr Dövlət Turizm Agentliyinin Qrant Qaydalarına əlavə olunmuş 5 nömrəli metodologiyaya əsaslanaraq layihə təkliflərinin hazırlanma keyfiyyəti, icra potensialı, sosial-iqtisadi təsirləri, layihənin aydın təsviri və büdcənin məqsədlərə uyğunluğu kimi meyarlar nəzərə alınmaqla qiymətləndirilib. Qiymətləndirmə prosesi nəticəsində minimal keçid balını (48 bal) toplayaraq daha yüksək göstəricilər nümayiş etdirən 9 layihədən biridə Ramiz Kəlbi oğlu Kəlbiyevin “Astara rayonunun Sım kəndində aqroturizmin inkişaf etdirilməsi və təşviqi” layihəsidir.
Layihədə Sım kəndində kifayət qədər rəngarəng çiçəklərin mövcudluğunu, kəndin ucqar ərazidə yerləşdiyini, dəniz səviyyəsindən hündürlüyünü nəzərə alaraq (hündürlük artdıqca çiçəklərin müxtəlifliyi artır), arıçılıq təsərrüfatlarının yaradılımasının təşviqi və qeyd olunan sahələrin aqroturizm sahəsi kimi istifadəsi layihənin əsas məqsədlərindəndir.
Kəndin meşə massivi, dağları və dəniz səviyyəsindən 500 m hündürlükdə yerləşməsi arıçılıq üçün geniş imkanlar açır. Meşə ilə əhatə olunan kənddə 100-ə qədər bulaq, 25 və 30 metr hündürlükdə olmaqla 2 şəlalə, hündür dağlar və təpələr, kəndin mərkəzində kiçik şəlalə vardır. Qeyd olunanlar kəndin turizm üçün perspektivli məkan olduğunu göstərir. Layihə əsasında kəndin təbii və kənd təsərrüfatı resurslarından istifadə olunaraq, tədris-təlim və tədqiqat əsaslı arıçılıq təsərrüfatı yaradılacaqdır. Beləliklə, Sım kəndində arıçılıq sahəsində aqroturizmin inkişafının təməli qoyulacaqdır.
Arıçılıq kənd təsərrüfatının spesifik və bilik tələb edən sahələrindən biridir. Buna görə də layihə çərçivəsində kənd sakinlərinə bu sahədə ilkin bilik və praktik vərdişlərin öyrədilməsi nəzərdə tutulur. Təlimlər vasitəsilə iştirakçılar müasir arıçılıq metodları, yeni texnologiyalar, arı xəstəliklərinin profilaktikası və arı ailələrinin idarə olunması sahəsində məlumatlandırılacaqlar.
Layihənin bir hissəsi kimi Sım kəndində müəyyən olunmuş ərazidə arı yeşikləri quraşdırılacaq və bu sahə həm yerli sakinlər, həm də turistlər üçün açıq nümayiş zonası kimi fəaliyyət göstərəcəkdir. Ziyarətçilərə arıçılıq fəaliyyəti əyani şəkildə təqdim ediləcək, interaktiv tanıtımlar və məlumat lövhələri vasitəsilə aqroturizm təcrübəsi zənginləşdiriləcəkdir.
Bu təşəbbüs yalnız kənddə dayanıqlı məşğulluğun artırılmasına deyil, eyni zamanda Sım kəndinin aqroturizm potensialının artırılmasına, yerli iqtisadiyyatın canlanmasına və kəndin ekoloji, mədəni kimliyinin qorunaraq təqdim olunmasına xidmət edəcəkdir.
Kənd sakinlərinə və turistlərə layihə haqqında və arıçılığın əhəmiyyəti haqqında ətraflı məlumat veriləcəkdir, aqroturizm çərçivəsində gərəkli bilik və vərdişlər öyrədiləcəkdir.
Kəlbiyev Ramiz,
Yaşasın Nihat,
Kəlbiyeva Ülviyyə.