"Azərbaycan-Rusiya münasibətləri düzəlməyə doğru gedir”
Rusiya və Azərbaycan Prezidentlərinin son görüşü iki ölkə arasında strateji tərəfdaşlığın davamlılığını bir daha nümayiş etdirdi. Görüşün nəticələri həm regional sabitlik, həm də ikitərəfli münasibətlər baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, tərəflər əməkdaşlıq ruhunu qoruyub saxlamaqla yanaşı, onu daha da dərinləşdirməyə sadiqdirlər.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya münasibətlərinin indiki vəziyyəti əsasən Rusiyanın addımlarından qaynaqlanır:
"İki ölkə arasında gərginliyin yaranması Azərbaycanın deyil, məhz Rusiyanın təzyiq siyasətindən irəli gəlib. İlk olaraq demək lazımdır ki, Azərbaycan və Rusiya münasibətləri Azərbaycanın ucbatından deyil, Rusiyanın ucbatından bu vəziyyətə gəlib, çünki Rusiya artıq uzun müddətdir Azərbaycana qarşı bir təzyiqlər tətbiq etməyə çalışır. Bu münasibətlər hələ Qarabağ müharibəsindən sonra gərginləşməyə başlayıb. Xüsusilə də, Rusiya Xarici İşlər Nazirliyinin bəzi çıxışları, eləcə də Azərbaycanın Qərb dövlətləri ilə yaxın münasibətləri Moskvanı narahat edib. Bəzi məsələlərdə Avropa və Amerika ilə olan yaxınlıq da Rusiyanın qıcıqlanmasına səbəb olub. Bu gərginliyin pik nöqtəsi Azərbaycan təyyarəsinin vurulması hadisəsi olub. Bu hadisə iki ölkə arasında ciddi etimad böhranı yaradıb. Biz bilirik ki, təyyarə vurulmazdan öncə birinci bortun vurulmasından söhbət gedirdi və Prezidentin də həmin vaxt eyni səmada olması bir çox sualları gündəmə gətirib. Bunlardan biri də bu idi ki, bu hadisə bilərəkdənmi, yoxsa təsadüfən edilib? Baş verənlər nəticəsində Azərbaycan-Rusiya münasibətləri həm siyasi, həm də iqtisadi baxımdan geriləməyə məruz qalıb. Rusiya hələ də bəzi postsovet dövlətlərinə SSRİ dövrünün prizmasından baxır. Bu da münasibətlərdə çaşqınlıq və fikir ayrılığı yaradır".
Politoloq son görüşün müsbət ab-havada keçdiyini və münasibətlərin normallaşmasına təkan verdiyini bildirib:
“Biz gördük ki, Putinlə İlham Əliyevin çox isti görüşü olub və bu, münasibətlərin əvvəlki vəziyyətinə qayıtmaq istiqamətində bir siqnal verib. Rusiya tərəfi hələ tam şəkildə üzrxahlıq etməsə də, Prezident İlham Əliyev bu addımı diplomatik müdrikliklə qarşılayıb. İki ölkə arasında münasibətlər mərhələli şəkildə normallaşmağa doğru gedir. Azərbaycanla Rusiya qonşudurlar və biz bu regionda bu reallıqla yaşamalıyıq. Həm iqtisadi, həm siyasi, həm də mədəni əlaqələrdə balanslı siyasət yürüdülməsi vacibdir. Mənim fikrimcə, münasibətlər düzəlməyə doğru gedir. Prezidentin son addımı bunu açıq şəkildə göstərib".
Sura Əliyeva
