Azərbaycan sənayesində azalma
Azərbaycan sənayesində azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin (DSK) 2025-ci ilin yanvar–sentyabr aylarına dair açıqladığı məlumata görə, sənaye istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb.
Mövzu ilə bağlı politoloq Pərviz Heydərov “İnformator.az”a bildirib ki, Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 % az sənaye məhsulu istehsal edilməsi əsas etibarilə müvafiq bazar şəraiti, yəni ki, reallaşdırma problemləri, həmçinin maya dəyərin formalaşması prosedurlarında qiymət dəyişiklikləri ilə, ümumiyyətlə isə iqtisadi fəaliyyət imkanlarının daralması, işgüzar aktivliyin zəifləməsiylə bağlı izah oluna bilər:
“Bunun da müxtəlif səbəbləri vardır. Qeyri-neft-qaz sektorunda müşahidə olunan 4,8 %-lik artımı davamlı saxlamaq üçün bazarlara çıxmaq imkanları durmadan genişləndirilməlidir. Ümumiyyətlə, biz, xarici bazarlara yönəlik məhsullar istehsalı potensialımızdan getdikcə daha çox istifadə edə bilməsək qeyri-neft-qaz sektoru üzrə qarşıya qoyulan məqsədlərə çata bilməyəcəyik. Bu, neft hasilatının azalması fonunda sənaye strukturunun diversifikasiyası məsələsinin həlli yolunda ən başlıca şərtdir. Əsas məsələ bazarların tapılaraq müəyyən edilib təşkil olunmasıdır. Həmin bazarlara çıxış üçünsə rəqabət şəraitinə geniş meydan açılmalıdır”.
Fatimə Hüseynli
