Azərbaycan, Türkiyə və Pakistanın birliyi güclənir
Bu toplantı bir daha göstərdi ki, Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslamabadda Türkiyə- Azərbaycan-Pakistan parlament sədrlərinin toplantısının bağlanış mərasimində deyib.
O bildirib ki, bu təmaslar üçtərəfli əlaqələri daha da gücləndirir: "Bu təmaslar beynəlxalq arenada bir milət olaraq çıxış etməkdə bizə güc verir. Yaşasın Türkiyə-Pakistan-Azərbaycan dostluğu!"
Mövzu ilə bağlı politoloq Kazım Kazımov açıqlamasında bildirib ki:
"Azərbaycan, Türkiyə və Pakistanın həm birlikdə gücü artır, həm də ayrı ayrılıqda. Hər üç ölkə öz gücünü artıran regional güclərə çevrilmişdir. Azərbaycanın tarixi , Qarabağ zəfəri , bütün dünyaya nümunə olan sülh quruculuğu prosesi , artan iqtisadi gücü, o cümlədən, qardaş Türkiyənin 40 ildən artıqdır davam edən terrora son verməsi Asiyada, Afrikada və Avropada həyata keçirdiyi çox konturlu siyasət, Pakistanın nüvə silahı kimi strateji bir silaha sahib olması və getdikcə yüksələn bir Şərqi Asiya ölkəsinə çevrilməsi, əlbəttə, bütün dünyada yaxından izlənir. Bu gün Azərbaycan, Türkiyə və Pakistan həm də eyni siyasi rakursdan çıxış edən dövlətlərdir. Çünki dünyada ədalətin, insan haqqlarının, humanizmin bərqərar olması üçün çıxış edən üç ölkədir və təbii ki, bütün bu hallar, o cümlədən, bizim dini, milli və digər baxımdan özümüzə yaxınlıqlarımız var. Bütün bu nüanslar hər üç ölkəni dosta, müttəfiqə çevirib və Azərbaycan, Türkiyə, Pakistan arasında hələ 1990-cı illərdən də getdikcə inkişaf edən və son illərdə öz inkişafının zirvəsinə çıxan əlaqələr sisteminin olduğunu görürük. Xatırlayırıq ki, cənab Prezidentin dəvəti ilə Laçında üç ölkənin liderinin həyata keçirdiyi görüş bütün dünya mətbuatında yaxından izlənilirdi və bu gün yenə İslamabadda keçirilən son tədbirdə bütün dünyanın diqqətini çəkdi. Bu əlaqələr Azərbaycanın və digər ölkələrin hərbi potensialın artmasına, iqtisadi əlaqələrin inkişafına, ticarət dövriyyəsinin artmasına təkan verir. Hər üç ölkə beynəlxalq arenada bir birinin yanındadır, haqqın, ədalətin yanındadır. Belə olan təqdirdə, hər üç ölkənin səsi daha gur çıxır və getdikcə bütün dünyada görünən budur ki, üç ölkənin dəmir iradəsini özündə birləşdirən yeni bir pakt meydana gəlir".
Aydan Əsgərxanlı
