Azərbaycan UNESCO-nun Mədəni Mülkiyyətin Qorunması Komitəsinə seçilib
Azərbaycanın beynəlxalq mədəni irsin qorunması sahəsində fəaliyyəti növbəti dəfə yüksək qiymətləndirilib. 1–2 dekabr 2025-ci ildə keçirilən iclasda ölkəmiz UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025–2029-cu illər üçün üzv seçilib. Dörd vakant yer uğrunda altı ölkənin yarışdığı səsvermədə Azərbaycanın ilk mərhələdə əksəriyyətin dəstəyini qazanması, ölkənin bu sahədə formalaşmış müsbət imicinin və ardıcıl diplomatik fəaliyyətinin göstəricisi kimi dəyərləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində siyasi şərhçi, politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycanın UNESCO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025–2029-cu illər üçün yenidən üzv seçilməsi ölkənin beynəlxalq mədəni irsin qorunması sahəsində fəaliyyətinin yüksək qiymətləndirildiyini göstərir :
“ 1–2 dekabr keçirilən səsvermədə dörd vakant yerə altı dövlət iddia edirdi və Azərbaycanın ilk mərhələdə əksəriyyətin səsini toplaması ölkənin formalaşdırdığı müsbət imicdən, ardıcıl diplomatik təşəbbüslərdən və beynəlxalq etimaddan xəbər verir. Bu uğur təkcə simvolik əhəmiyyət daşımır, həm də Azərbaycanın mədəni diplomatiyasını yeni mərhələyə çıxarır.
Azərbaycanın yenidən seçilməsinə təsir edən əsas siyasi amillərdən biri son illərdə mədəni irsin qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin bərpası, monitorinqi və beynəlxalq standartlara uyğunlaşdırılması ölkənin bu sahədə real təcrübəyə malik olduğunu göstərir. Bununla yanaşı, Azərbaycanın UNESCO ilə əməkdaşlığı davamlı və sistemlidir. Diplomatik çevrələrdə ölkəmizin “mədəni irsin qorunması” mövzusunu milli prioritet kimi təqdim etməsi də seçkilərdə dəstəyin artmasına şərait yaradıb.
Komitəyə üzvlük Azərbaycana əlavə diplomatik və institusional imkanlar açır. İlk növbədə, Azərbaycan regional və qlobal səviyyədə mədəni irsin qorunması ilə bağlı qərarların formalaşdırılmasında aktiv iştirak imkanı verir. Bu, ölkəyə beynəlxalq təşkilatlarda nüfuzunun artırılmasına, həmçinin mədəni diplomatiya vasitəsilə yumşaq gücünün gücləndirilməsinə şərait yaradır. Eyni zamanda komitə çərçivəsində texniki dəstək, ekspert mübadiləsi və beynəlxalq layihələrdə tərəfdaşlıq imkanları açılır. Azərbaycanın azad edilən ərazilərdə həyata keçirdiyi bərpa işləri bu çərçivədə daha geniş tanıdılır və beynəlxalq əməkdaşlıq üçün yeni platformalar yaradır.
Azərbaycan Komitə daxilində bir sıra təşəbbüslərlə çıxış edə bilər. Bunlara işğaldan azad edilmiş ərazilərdə mədəni irsin sistemli bərpası və monitorinqi üzrə xüsusi proqramların təşviqi, münaqişədən zərər görmüş bölgələr üçün beynəlxalq metodologiyaların hazırlanması və regionda mədəni irsin qorunmasına dair çoxşaxəli əməkdaşlıq təşəbbüsləri daxildir. Həmçinin ölkə multikulturalizm və tolerantlıq təcrübəsini UNESCO platformasında geniş şəkildə təqdim edə bilər.
Ümumi olaraq qeyd edə bilərik ki, UNESCO Komitəsinə seçilmək Azərbaycan üçün həm nüfuz, həm də praktiki nəticələr baxımından mühim addımdır. Bu üzvlük ölkənin mədəni irsin qorunması sahəsində beynəlxalq məsuliyyət daşıyan, konstruktiv və etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir”.
Ədilə Hüseynzadə
