Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq sazişi
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin yeni mərhələsinə keçidi təmin edəcək strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanır. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, hərbi, enerji və təhsil sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur.
Məsələ ilə bağlı politoloq Araz Xan "İnformator.az"a açıqlamasında bildirib ki,Azərbaycanın ABŞ-lə strateji tərəfdaşlıq qurması regionda ölkəmizin mövqelərini gücləndirəcək, eyni zamanda Qərb dövlətləri ilə münasibətlərə də müsbət təsir göstərəcək:
"Azərbaycan–ABŞ münasibətlərinə nəzər saldıqda, ilk olaraq 1990-cı illərin əvvəllərinə diqqət yetirməliyik. Həmin dövrdə Azərbaycan yenicə müstəqillik əldə etmişdi. Lakin bu dövr həm də ölkənin ciddi çətinliklərlə üzləşdiyi bir zaman idi. Azərbaycan bir tərəfdən hərbi təcavüzə məruz qalırdı, digər tərəfdən isə iqtisadiyyatı demək olar ki, çökmüşdü. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan iqtisadi və hərbi baxımdan ciddi dəstəyə ehtiyac duyurdu. Bu keçid dövründə ölkənin həm maliyyə, həm də hərbi yardıma ehtiyacı vardı. Təəssüf ki, həmin illərdə ABŞ-də güclü olan erməni diasporunun təsiri nəticəsində Azərbaycana birbaşa yardım göstərilmədi. 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəliş Azərbaycana hərbi və maliyyə yardımını qadağan edirdi. Azərbaycanın təcavüzə məruz qalmasına baxmayaraq, bu məhdudiyyət yalnız Azərbaycana tətbiq olunurdu, halbuki Ermənistana yardımlar davam edirdi. Sonrakı illərdə 907-ci düzəliş müəyyən dövrlərdə dayandırılsa da, tamamilə ləğv edilmədi. Bu dəyişikliklər əsasən ABŞ-nin Azərbaycana ehtiyac duyduğu zamanlarda baş verirdi. Məsələn, Əfqanıstandakı ABŞ missiyasına Azərbaycan tərəfindən göstərilən dəstək bu müddətlərin biri idi. Donald Tramp-ın ilk prezidentliyi dövründə ABŞ–Azərbaycan münasibətlərində nisbi istiləşmə müşahidə olundu. Hazırda isə onun ikinci prezidentliyi dövründə bu münasibətlərdə daha da yaxınlaşma hiss olunur. Tərəflər arasında yeni sənədlərin imzalanması və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi bu prosesin bariz nümunəsidir".
Ekspert həmçinin bunu da bildirib ki, ABŞ digər ölkələrlə də münasibətlərin formalaşmasında böyük rol oynayır:
"Bu, ABŞ–Azərbaycan münasibətlərinə yeni nəfəs verəcək. ABŞ dünyanın lider dövləti olaraq, digər ölkələrin də münasibətlərini formalaşdırmaqda mühüm rol oynayır. ABŞ-lə strateji tərəfdaşlıq səviyyəsində qurulan əlaqələr Azərbaycana bir sıra sahələrdə – xüsusilə ticarət və texnologiyalar sahəsində yeni imkanlar yaradacaq. ABŞ-lə münasibətlərin yüksəlməsi, eyni zamanda, digər Qərb ölkələri ilə də Azərbaycanın əlaqələrinin inkişafına təkan verəcək. Onsuz da Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Son dövrlərdə Avropada Azərbaycana münasibətin müsbət istiqamətdə dəyişməsi də bunu sübut edir. Bütün bunlar Azərbaycanın yalnız ABŞ-də deyil, ümumilikdə Qərbdə mövqeyinin güclənməsi deməkdir. İmzalanmış Anlaşma Memorandumundan sonra bir sıra sahələrdə real inkişaf müşahidə olunacaq. İlk növbədə hərbi sahədə ABŞ–Azərbaycan əməkdaşlığı güclənəcək, bu da Azərbaycana yeni texnologiyalara və silah sistemlərinə çıxış imkanı yaradacaq. Digər tərəfdən, iqtisadiyyatın müxtəlif sahələrində də inkişafın şahidi olacağıq. ABŞ şirkətləri ilə əməkdaşlıq ön planda olacaq və bu, digər Qərb şirkətlərinin də Azərbaycanla maraqlanmasına səbəb olacaq. Təhsil sahəsində əməkdaşlıq genişlənəcək, azərbaycanlı tələbələrin ABŞ-də təhsil alması daha əlçatan olacaq. Ticarət sahəsində isə Donald Tramp-ın iş adamı kimi təcrübəsi xüsusi rol oynayacaq. O, iqtisadiyyat və ticarətə böyük önəm verir. Buna görə də ABŞ–Azərbaycan arasında ticarət əlaqələrinin daha da inkişaf edəcəyi gözlənilir".
Gülhüseynova Güllər