Azərbaycan və BƏƏ "Sülh Qalxanı-2026" birgə təliminə hazırlığı müzakirə edib
Azərbaycan Ordusunun və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Sülh Qalxanı - 2026" təliminin dekabrın 25-də Bakıda əsas planlama konfransı olub.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a müsahibəsində bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında təkcə hərbi əməkdaşlıq sahəsində deyil, digər sahələrdə də sıx əlaqələr inkişaf etməkdədir:
“Keçiriləcək "Sülh Qalxanı-2026" birgə təliminə hazırlıq da bu yaxınlığın bariz nümunəsidir. Bu təlim hər iki ölkə üçün əhəmiyyətlidir. Həm Azərbaycanın həm də BƏƏ-nin təhlükəsizliyi, ordunun çevikliyi, müasir yeniliklərlə tanışlığı və birgə hərəkət qabiliyyətinin gücləndirilməsi sarıdan önəmlidir. Bu təlimin keçirilməsi hər iki ölkə arasındakı sıx əlaqələri ifadə etməklə yanaşı siyasi, strateji baxımdan da üstünlük qazandırır. Təlimin BƏƏ-də keçirilməsi iqtisadi yöndən inkişaf edən ölkənin hərbi yöndə də regionda təsirini, üstünlüyünü ifadə edir. Həmçinin mümkün təhlükələrə qarşı öz hərbi potensialını inkişaf etdirir. Maddi resursları ilə önə çıxan belə bir ölkə ilə Azərbaycan arasındakı müxtəlif sahələrdəki əlaqələr və xüsusən hərbi yöndəki münasibətlərin inkişafı ölkəmiz üçün də mühümdür və bu gələcəkdə daha uğurlu yaxınlığın reallaşmasına xidmət edir”.
Səadət Əlizadə
