Azərbaycan və Belarus arasında fikir mübadiləsi aparılıb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Respublika Şurası sədrinin müavini Vladislav Tatarinoviç ilə görüşüb.
Mövzu ilə bağlı olaraq politoloq Ramiyə Mamedova "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan və Belarus arasında qarşılıqlı əlaqələr güclənməkdədir:
"Belarusla Azərbaycan arasında hər zaman çox normal, çox yaxşı münasibətlər olub. Bildiyiniz kimi, bu iki ölkə MDB çərçivəsində də birlikdə fəaliyyət göstərirlər və Sovet dövründən sonra, müstəqillik əldə etdikdən bəri Belarusla Azərbaycan arasında münasibətlər həmişə ən yüksək səviyyədə olub, istər iqtisadi, istər siyasi baxımdan.
Təbii ki, Belarus həmişə Rusiyaya meyilli bir ölkə kimi tanınıb, ona “ikinci ağ Rusiya” da deyilir. Ancaq buna baxmayaraq, Azərbaycanın Rusiya ilə münasibətlərində gərginliklər olsa belə, Belarusla, xüsusilə də Lukaşenko ilə münasibətlər hər zaman çox yaxşı olub.
İki ölkə arasında ən çox inkişaf edən sahələr kənd təsərrüfatı, logistika və sənaye sahələridir ki, bu da Azərbaycan üçün böyük maraq doğurur. Eyni zamanda universitetlərarası və təhsil sahəsində də münasibətlər mövcuddur.İqtisadi baxımdan, yenə qeyd edim ki, Belarus kənd təsərrüfatı məhsullarının böyük ixracatçısıdır. Bundan əlavə, agrosənaye və maşınqayırma sahələri də Azərbaycan üçün çox cəlbedicidir. Bu baxımdan Belarus istehsalçı ölkə kimi Azərbaycan üçün xüsusi maraq kəsb edir və həm iqtisadi, həm də siyasi, diplomatik sahələrdə münasibətlər inkişaf edir.
Parlamentlərarası münasibətlər də güclənir. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan parlamentinin sədri Belarusda səfərdə olub. Parlamentlərarası əməkdaşlığın güclənməsi də səmərəli inkişaf edir. İki ölkənin sovet dövründən gələn ortaq keçmişi və kökləri nəzərə alınaraq bir çox birgə komissiyalar fəaliyyət göstərir.
Digər tərəfdən, regionda sabitlik məsələsi də önəmlidir. Qafqaz regionu və Avropaya yaxın olan ərazilər baxımından Belarus mühüm mövqedədir, xüsusilə də Polşa ilə sərhəddə yerləşməsi bu regionda sabitliyin qorunması baxımından əhəmiyyətlidir.
Bundan əlavə, Azərbaycanın suverenliyini qorumaq istiqamətində Belarus daima dəstək verib. 30 illik konstitusiya yubileyi çərçivəsində də Belarus Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirir. Ermənistan-Azərbaycan münaqişəsində də Belarus Azərbaycanın tərəfində olub".
Arzu Poladova
