Azərbaycan və Bolqarıstan liderləri Nyu-Yorkda əməkdaşlıq məsələlərini müzakirə ediblər
Prezident İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda Bolqarıstanın Baş naziri Rosen Jelyazkovla görüşüb. Tərəflər siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, enerji sahəsində uğurlu əməkdaşlıq və yeni inkişaf imkanlarını müzakirə ediblər. Həmçinin müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan–Bolqarıstan münasibətlərinin inkişaf mexanizmi ümumi qlobal dəyişikliklərlə paralel olaraq formalaşır:
“Qlobal arenada nələri müşahidə ediriksə, bu, təbii ki, həm Azərbaycan, həm də Bolqarıstanın beynəlxalq münasibətlərinə və bu kontekstdə ikitərəfli əlaqələrinə təsir göstərir. İndi Azərbaycan–Bolqarıstan münasibətlərinin təməllərindən danışarkən enerji məsələlərini, yeni dünya nizamında dəyişən güc mərkəzlərində status-kvonun necə qurulacağını nəzərə almalıyıq. Eyni zamanda tranzit yükdaşımaları məsələsini və ümumi qlobal iqtisadiyyatda tərəflərin tutacağı mövqeyi də qeyd etmək olar. Bu nöqtədə Bolqarıstan tərəfi yaxşı anlayır ki, ümumavropa səviyyəsində Rusiya enerji resurslarından asılılıq var və bu, Rusiya vasitəsilə vaxtaşırı Avropaya qarşı silah kimi istifadə olunur. Rusiya öz enerji resurslarından istifadə edərək Avropanın asılılığını artırmaqla strateji məqsədlərinə çatır və bu üstünlüyünü vasitə kimi işə salır. Bolqarıstan da digər Avropa dövlətləri kimi indi ümumavropa təhlükəsizliyinin qurulmasında alternativlər axtarışındadır. Bu alternativlərin ən faydalı və ən yaxşılarından biri Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqli və Azərbaycanın öz enerji imkanlarının daha geniş şəkildə istifadəsidir”.
Politoloqun sözlərinə görə, tranzit məsələləri də önəmlidir:
“Bolqarıstanın Azərbaycana yaxınlığı və Gürcüstan vasitəsilə Qara dəniz ticarətinin effektiv bir marşruta çevrilə bilmək potensialı Azərbaycan–Bolqarıstan münasibətlərində yeni səhifənin başlanması üçün əhəmiyyətlidir. Gürcüstanın Avropaya inteqrasiyası yeni hakimiyyətin gəlişi ilə müəyyən qədər ləngisə də, ölkə öz strateji muxtariyyətini qorumaq üçün Rusiya, Çin və Avropa bazarları ilə iqtisadi, siyasi, diplomatik əlaqələrini saxlamağa çalışacaq. Gələcəkdə də bu proses davam edəcək və bu nöqtədə Azərbaycandan keçən Orta Dəhlizin bir marşrutunun Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropaya daşınması aktuallaşa və strateji mahiyyət kəsb edə bilər. Bu halda Bolqarıstanın Azərbaycan marşrutuna və imkanlarına müraciəti real görünür. Ümumiyyətlə, Bolqarıstanın Avropa İttifaqı üzvü olması Azərbaycanla münasibətlərə təsir göstərə bilər. Amma Avropa İttifaqını idarə edən əsas güclər – Fransa, Almaniya və qismən İtaliya – aparıcı mövqedədir. Bolqarıstanın bu təşkilatda həlledici söz sahibi olmaması səbəbindən onun yanaşması ilə Azərbaycana münasibətdə ciddi dəyişiklik gözlənilmir. Bununla belə, Bolqarıstan öz səs hüququndan istifadə edərək mövqeyini göstərə və Azərbaycan üçün tərəfdaş rolunu gücləndirə bilər. Lakin indiki məqamda bu imkanların Azərbaycanın xeyrinə çox güclü nəticə verməyəcək".
Mələk Hüseynova
