Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib.
Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.
General-polkovnik Zakir Həsənov ötən il ölkəmizdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Attaşelik Aparatının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Lord Vernon Koaker Birləşmiş Krallığın ölkəmiz ilə hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif formatlarda keçirilən görüşlərin təcrübə mübadiləsi baxımından səmərəli olduğunu xüsusi vurğulayıb.
