00:00:00
Yazar
Admin User
31.10.2025 16:42 130 2 dəq oxuma
Siyasət

Azərbaycan və Britaniya müdafiə sahəsi üzrə əməkdaşlıq planı imzalayıb

Azərbaycan və Britaniya müdafiə sahəsi üzrə əməkdaşlıq planı imzalayıb

Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün İkitərəfli Əməkdaşlıq Planı imzalanıb.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında 2026–2027-ci illəri əhatə edən İkitərəfli Əməkdaşlıq Planının imzalanması, iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir:

 

"Bu planın əsas məqsədi hərbi təlimlərin, müdafiə siyasəti üzrə dialoqun, təhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin gücləndirilməsidir. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılması, müdafiə sənayesinin müasirləşdirilməsi və beynəlxalq təhlükəsizlik təşəbbüslərində daha fəal iştirakının təmin edilməsi hədəflənir. Bu əməkdaşlıq iki ölkə arasında münasibətləri daha da dərinləşdirə və onları sırf diplomatik müstəvidən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilər. Britaniya ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq imicini gücləndirərək onun Qərb təhlükəsizlik sisteminə yaxınlaşmasını simvolizə edir. Eyni zamanda, bu addım Azərbaycanın regiondakı balanslı xarici siyasət kursuna uyğun gəlir. Yəni müxtəlif mərkəzlərlə əməkdaşlıq edərək öz milli maraqlarını qorumaq və təhlükəsizlik arxitekturasını möhkəmləndirmək strategiyasına xidmət edir. Müdafiə sahəsində beynəlxalq əməkdaşlıq hər bir ölkə üçün təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu, ordunun texnoloji və elmi imkanlarının genişlənməsinə, müasir döyüş təcrübələrinin mənimsənilməsinə və potensial təhdidlərə qarşı hazırlığın artırılmasına şərait yaradır. Azərbaycanın belə tərəfdaşlıqlarda iştirakı regional sabitliyin təmin edilməsinə, sülh və təhlükəsizlik təşəbbüslərində aktiv mövqeyin qorunmasına xidmət edir. Beləliklə, imzalanan əməkdaşlıq planı həm müdafiə sahəsində qarşılıqlı inamın gücləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində mövqeyinin möhkəmlənməsinə töhfə verir".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər