Azərbaycan və Ermənistan arasında toponim mübahisəsi
Prezident İlham Əliyev noyabrın 3-də çıxışı zamanı Ermənistan ərazisindəki toponimlərin - yəni coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olduğunu bildirib.
Mövzu ilə bağlı Politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin toponimlərlə bağlı açıqlaması təkcə tarixi faktın xatırladılması deyil, həm də informasiya müharibəsində strateji bir gedişdir:
“ “Göyçə gölü”, “Zəngəzur”, “Dərəlayaz”, “Basarkeçər” kimi adların Azərbaycan mənşəli olduğunu vurğulamaq, Ermənistanın illərlə apardığı saxta toponim siyasətinə cavabdır. Bu, həm ideoloji sahədə üstünlüyü ələ almaq, həm də tarixi reallığı beynəlxalq ictimaiyyətə göstərmək məqsədi daşıyır. Toponim mübahisəsi sadəcə ad davası deyil – o, ərazi iddialarının, kimlik savaşının və tarixi haqlılığın simvoludur. Ermənistan onilliklər ərzində coğrafi adları dəyişərək bölgənin etnik tarixini təhrif etməyə çalışıb, Azərbaycan isə indi bu yalan tarixi faktlarla dağıdır. Bu proses geosiyasi səviyyədə də mühüm nəticələr doğurur, çünki hər bir adın arxasında konkret mədəni və siyasi iddia dayanır. Prezidentin çıxışı həm də o mesajı verir ki, Azərbaycanın tarixi yaddaşını silmək mümkün olmayıb. Bu, milli kimliyin bərpası və tarixi ədalətin ideoloji formada təminidir. Coğrafi adların mənşəyi məsələsi milli yaddaşın qorunması üçün strateji əhəmiyyət daşıyır – çünki kim öz torpağının adını unudursa, o torpağın sahiblik haqqını da zəiflədir. Beləliklə, toponim məsələsi Azərbaycan üçün həm tarixi, həm də siyasi cəbhədir “.
Reyhan Quliyeva
