00:00:00
Yazar
Admin User
25.11.2025 18:38 222 3 dəq oxuma
Siyasət

Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin açılmasını planlaşdırır

Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin açılmasını planlaşdırır

Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma mövcuddur. Dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və təxminən 2028-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

 

Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistan Baş naziri Nikol Paşinyan çıxışlarında bu tarixi vurğulayıblar və tərəflər arasında dəhlizin açılması ilə bağlı ümumi konsensus mövcuddur.

 

Mövzu ilə bağlı siyasi ekspert Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, eyni dəhlizin fərqli adlarla meydana çıxması Ermənistanın daxili auditoriyası üçündür:

 

“2020-ci ildə Azərbaycan Prezidenti Zəngəzur dəhlizi açılacaq deyəndən Ermənistanda təşviş yaranıb. Ermənistanın suverenliyi, ərazi bütövlüyü əldən gedir deyib “qırmızı xətlər” çəkdilər. Zaman keçdikcə xətlərin rəngi dəyişib. Paşinyan mavi rəngli xətlərin olduğu “sülh kəsişməsi” layihəsini təqdim edib. Vaxt bir az da keçdi, “Tramp yolu”nun açılması ilə bağlı Vaşinqtonda razılıq əldə olunub. Əslində eyni dəhlizin fərqli adlarla meydana çıxması Ermənistanın daxili auditoriyası üçündür. İstərsən buna “Tramp yolu” deyin, istərsən “sülh kəsişməsi” — bu bizim “Zəngəzur dəhlizi”mizdir. Sadəcə Paşinyan daxili auditoriyaya deyə bilmir ki, mən Azərbaycanın tələb etdiyi “Zəngəzur dəhlizi”ni açıram. Dəhlizin nə vaxt açılması isə infrastrukturun tamamlanmasından asılıdır. İrəvanda bəyanatların bitib, real işin başlaması vaxt alır. 2028-ci ilin ikinci yarısının işarə edilməsi məhz həmin tarixdə Ermənistanın işləri yekunlaşdıracağı düşüncəsidir. Azərbaycan tərəfində isə işlər yekunlaşmaq üzrədir: avtomobil yolları, dəmir yolları. Hətta Azərbaycan tərəfi regionun perspektivini nəzərə alaraq ərazidə bir neçə hava limanı inşa edib".

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, təhlükəsizliyi də ABŞ tərəfindən təmin olunacaq:

 

“Zəngəzur dəhlizi ilə bağlı son 5 ildə Azərbaycan tərəfindən mühüm addımlar atılıb. Horadiz–Ağbənd dəmir yolu layihəsi artıq tamamlanma mərhələsindədir və gələn ilin ilk yarısında istifadəyə verilməsi planlaşdırılır. Paralel olaraq, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomagistralı da inşa olunub və onun da gələn il istifadəyə verilməsi gözlənilir. 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış razılaşmaya əsasən, bu dəhliz “TRIP” — yəni “Trump adına Sülh və İnkişaf Marşrutu” adlandırılıb. Ermənistan ərazisindən keçən hissəsinin tikintisi ABŞ–Ermənistan konsorsiumu tərəfindən həyata keçiriləcək və təhlükəsizliyi də ABŞ tərəfindən təmin olunacaq.

Bu marşruta ümumi olaraq bölgədə ciddi bir maraq var və son illər bölgəmizdə baş verən mürəkkəb geosiyasi vəziyyət fonunda — yəni müharibələr həm Yaxın Şərqdə, həm Rusiya–Ukrayna arasında — bunlar təsirsiz ötüşmür və alternativ dəhlizlərə, alternativ quru yollarına maraq artır. Bu quru yollarına maraq artdığı kimi, həm də risklər artır. Yəni Azərbaycan hal-hazırda Avropa ilə Asiya arasında qitələri əlaqələndirən marşrutlara sahibdir. Bunlar Azərbaycan Ələt limanı ilə Qara dəniz limanlarına əlaqələndirən, əsr yarımdan çox fəaliyyət göstərən Ələt–Poti əlaqəsidir. Sonra Azərbaycan təşəbbüsü ilə tikilmiş Bakı–Tbilisi–Qars dəmir yoludur. Amma bir istiqamətdən asılı qalmamaq üçün Azərbaycan həm də şaxələndirmə yönündə ciddi işlər görür və Zəngəzur dəhlizi məhz belə şaxələndirmələrdən biridir.

Bu marşrutlar Azərbaycanda həmçinin bütün nəqliyyat növləri üzrə biz bu şaxələndirməni müşahidə edirik. Həm boru kəmərləri sistemində — Qara dənizə, Aralıq dənizinə çıxan neft kəmərlərində — sonradan dəmir yolu, avtomobil yolları seqmentində, hava dəhlizlərində, ölkə ərazisində olan çeşidli istiqamətdə hava limanları məhz hava dəhlizlərinin şaxələndirilməsinə xidmət edir. Dəniz limanları — Ələtdən başqa bizim Hövsan, Zirə limanımız var — bu da şaxələndirmənin bir hissəsidir. Göründüyü kimi, bütün 5 nəqliyyat növü üzrə şaxələndirilmiş bir nəqliyyat sisteminə sahibdir Azərbaycan. Və bu şaxələndirmənin də əsas mahiyyəti həm riskləri minimuma endirmək, həm ölkə ərazisində bütün istiqamətlərin nəqliyyat dəhlizlərinə inteqrasiyasını təmin etmək, multiefekt yaratmaq, əlavə dəyər yaratmaqdır ki, bunu da Azərbaycan edir.

Və bunun nəticəsində həmçinin regionların inteqrasiyası baş verəcək: Mərkəzi Asiya, Cənubi Qafqaz, Anadolu, Yaxın Şərq və Türkiyənin limanları vasitəsilə həmçinin Avropanın cənubuna və Afrikanın şimalına. Həmçinin quru ilə də İstanbul üzərindən, Marmaray və Yavuz Sultan Səlim körpüsü üzərində çəkilən dəmir yolu vasitəsilə Avropanın, Mərkəzi Avropa içərisinə və Şərqi Avropaya da əlaqəni təmin edəcək".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər