Azərbaycan və Özbəkistan əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və özbəkistanlı həmkarı Bəxtiyor Saidov telefon danışığı zamanı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Özbəkistan tarixi bağlara, ortaq dəyərlərə və bir millət anlayışına malikdir:
"Azərbaycan və Özbəkistan arasında son illər əməkdaşlıq nəzərəçarpacaq dərəcədə dərinləşib. Bir çox sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər inkişaf edir. 2024-cü ilin statistikasına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Bu da göstərir ki, əlaqələrimiz dinamik və çoxşaxəlidir. Ticarət dövriyyəsinin artımı ilə yanaşı, enerji sahəsində, Qarabağın bərpası, yüngül sənayenin inkişafı və digər istiqamətlərdə əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan və Özbəkistan tarixi bağlara, ortaq dəyərlərə və bir millət anlayışına malikdir. Bu mənada mədəniyyət, dil və ədəbiyyat sahəsində də yaxın əməkdaşlıq həyata keçirilir. Eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu üçün geniş potensial var. Hər iki dövlət qədim xalqların zəngin mədəniyyətini daşıyır və bu irs əlaqələrimizə daha dərin məna verir. Ortaq dəyərlərimizin inkişaf etdirilməsi və yeni çağırışlara uyğun şəkildə formalaşdırılması vacibdir. Bundan başqa, Azərbaycan və Özbəkistan müxtəlif sahələrdə müttəfiq kimi çıxış edərək qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Ticarət, iqtisadiyyat və digər istiqamətlərdə ciddi potensialımız mövcuddur və biz bir-birimizə dəstək vermək imkanına malikik. Bugünkü çoxqütblü dünyada ortaq iqtisadi əlaqələrin, bazarların və siyasi maraqların formalaşdırılması xüsusilə əhəmiyyətlidir. Hesab edirəm ki, bu sahədə birgə addımlar atmaq hər iki ölkə üçün faydalı olacaq və əməkdaşlıq potensialımızı daha da reallaşdıracaqdır".
Xədicə Məhərrəmli