Azərbaycan və Türkiyə sərhədyanı iqtisadi əməkdaşlığı müzakirə edib
Naxçıvanda keçirilən 2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda hər iki ölkənin rəsmi şəxsləri və iş adamları sərhədyanı ticarət, investisiya və biznes əməkdaşlığını müzakirə ediblər. Forumda Naxçıvanın investisiya, logistika və biznes imkanları təqdim olunub, iki ölkənin iş adamları arasında B2B görüşlər keçirilib. Qars, İğdır, Ardahan və Ərzurumdan olan nümayəndələr Azərbaycanla ortaq layihələrin regional inkişaf üçün əhəmiyyətini vurğulayıblar. Tədbirin məqsədi Azərbaycan və Türkiyə regionları arasında iqtisadi əlaqələri genişləndirmək və sərhədyanı ticarəti daha da inkişaf etdirməkdir.
Mövzu ilə bağlı "İnformator.az"a iqtisadçı Xalid Kərimli bildirib ki, sərhədyanı ərazilərin ticarət əlaqələrinin genişləndirilməsi üçün ilk növbədə quru sərhədlər açılmalıdır:
"Biz quru sərhədləri bağlı saxlayaraq insanların ticarət edə biləcəyini gözləməməliyik. Bu, əsas və ilkin şərtdir. İkinci məsələ isə Naxçıvanın inkişafı ilə bağlıdır. Naxçıvanın qeyd etdiyiniz strateji əhəmiyyətinin artması üçün Zəngəzur dəhlizi açılmalıdır. Bu, çox vacib məsələdir. Əgər bu baş verməsə, digər sahələrdə nəzərdə tutulan inkişafın reallaşması da çətin olacaq. Təbii ki, bu cür görüşlər, əlaqələrin qurulması baxımından müsbət addımlardır. Görüşlərin heç bir ziyanı yoxdur ya nəticəsiz olacaq, ya da faydalı olacaq. Yəni ən pis halda sıfır nəticə verə bilər, amma müsbət təsir ehtimalı daha yüksəkdir. Ona görə də belə görüşlərin keçirilməsi ziyanlı deyil".
Aişə Mustafayeva
