00:00:00
Yazar
Admin User
08.03.2023 06:24 2754 3 dəq oxuma
Yoxdur

Azərbaycanda Beynəlxalq Qadınlar Bayramı - Xəyalə Rza yazır...

Azərbaycanda Beynəlxalq Qadınlar Bayramı - Xəyalə Rza yazır...

Beynəlxalq Qadınlar günü Azərbaycanda və dünyanın bir çox ölkəsində əhəmiyyətli gün hesab edilir. Bu gün kimisi əlində çiçək dəstəsi, kimisi ətir qutusu, kimisi də müxtəlif dəyərli əşyalarla və xoş sözlərlə xanım yaxınlarını təbrik edirlər. Bəs bu günün ölkəmizdə və dünyada əhəmiyyəti nədən ibarətdir?

 

İnformator.az saytı bu xüsusi günlə bağlı maraqlı məlumatları oxucular üçün əldə edib.

 

8 mart tarixi Beynəlxalq Qadınlar günü münasibətilə 1965-ci ildən keçmiş SSRİ dövründə istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar günü ölkədə qeyri-iş günü hesab edilməyə davam edir.

 

Ulu Öndər Heydər Əliyev qadınlara böyük hörmətlə yanaşırdı. O, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayrılmasını, onların hərtərəfli fəaliyyətinə geniş yer verilməsini, lider qadınlar yetişdirilməsini hər zaman diqqətdə saxlayırdı. Onun bu siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir.

 

Gün keçdikcə Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmaqdadır. Ölkəmiz gender bərabərliyinə əhəmiyyətli məsələ kimi yanaşdığı üçün kişilərlə qadınlar eyni hüquqlara sahibdirlər. Bu səbəbdən dünyaya səs salan hegemon dövlətlərdən geri qalmayıb, qadınlara həsr olunan bu özəl günü artıq illərdir ki, bir ənənə olaraq qoruyub saxlayır.

 

Yuxarıda qeyd edildiyi kimi ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər davamlı həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi geniş miqyaslı fəaliyyətini davam etdirir. Azərbaycan xanımları dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla iştirak edir və ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəallıq göstərir. Azərbaycan qadını müxtəlif sahələrdə ölkəmizi dünyada təmsil edir, idmanın inkişafına böyük töhfələr verir.

 

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.

 

Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlığı, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər buna əsaslı nümunədir.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir.

 

Bəs digər ölkələrdə bu bayram necə qeyd olunur?

 

Rusiyada da martın 8-i istirahət günüdür. Qadınlara qarşı xüsusi diqqət nümayiş olunan bayram əhval-ruhiyyəsi ölkəmizdə olduğu kimi üç-dörd gün ərzində davam edir.

 

Bu günün şərəfinə Çində qadınların iş günü səkkiz saatdan dörd saata endirilir. Amma bir məqamı da qeyd edək ki, Çin Xalq Respublikası Dövlət Şurasının bu tövsiyəsi qanun deyil və işverənlərin bir qismi buna əməl etmir.

 

İtaliyada martın 8-də küsdümağacı gülü hədiyyə edilir. Bu ənənə İkinci Dünya müharibəsindən sonra Romada meydana gəlib, bunun mənbəyi məlum deyil.

 

ABŞ-da isə mart ayı bütövlükdə qadınlara həsr edilir. Hər il prezident xüsusi bəyanatla çıxış edərək Amerika qadınlarının əmək və nailiyyətlərini dilə gətirir.

 

Xülasə, Vətənimizin azadlığı uğrunda canını qurban verən şəhidlərin anaları, bacıları, xanımları başda olmaqla qadın adına layiq olaq hər kəsi İnformator.az kollektivi adından səmimi qəlbdən təbrik edirik. Hər zaman çiçək kimi ətrafa ətir saçmağınız və uğurlarınızın bol olması diləyi ilə bayramınız mübarək, əziz xanımlar!

 

Xəyalə Rza

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər