00:00:00
Yazar
Admin User
08.03.2023 07:50 637 5 dəq oxuma
Yoxdur

Azərbaycanda indiyə qədər baş verən terror hadisələri: Tariximizin qanlı səhifələrini vərəqləyək

Azərbaycanda indiyə qədər baş verən terror hadisələri: Tariximizin qanlı səhifələrini vərəqləyək

Tarixin tozlu səhifələrinə nəzər salsaq görərik ki, daim xalqımıza qarşı saysız ədalətsizliklər törədilib, minlərlə günahsız insan qətlə yetirilib.

 

Bəşəriyyət qandan-qadadan qurtula bilmir. Dünyada terrorçuluq meydan sulamaqdadır. Bu qanlı terrorun dalğası vaxtaşırı Azərbaycanı vuranda yaşadığımız bölgənin durumunu, dünyanın çeşidli təhlükələri ilə üz-üzə olduğumuzu daha yaxşı anlayırıq. Qəribə bir məntiqi nəticə ortaya çıxır: bu vaxta qədər müxtəlif ölkələri daim təhdid və təhlükələr altında saxlayan əksər terrorçular məhv edildiyi, ya da həbsə edildiyi halda digər tərəfdən terrorçuluğun kökü qətiyyən kəsilmir. Tam əksinə, daha da artır...

 

Azərbaycana qarşı yönələn ən böyük terror aktları dünyaya da məlum olduğu üzrə dəfələrlə Ermənistan tərəfindən törədilib. Ermənistanın, eyni zamanda erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanlarının hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları törətməsi nəticəsində minlərlə günahsız insan həlak olub.

 

1. 16 sentyabr 1989-cu il...

“Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması nəticədə 5 nəfərin həlak olmasına, 25 nəfərin isə yaralanmasına səbəb olub.

 

2. 18 fevral 1990-cı il...

Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobusun partladılması çoxlu insan təlafatı ilə nəticələnib.

 

3. 11 iyul 1990-cı il...

“Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilib. Hadisə nəticəsində 14 nəfər qətlə yetirilib, 35 nəfər isə yaralanıb.

 

4. 10 avqust 1990-cı il...

“Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunublar. Həmin gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılıb. Hadisə 17 nəfərin həlak olması, 26 nəfərin yaralanması ilə nəticələnib.

 

5. 30 noyabr 1990-cı il...

Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılıb, 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

 

6. 9 yanvar 1991-ci il...

“MolodyoJ Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilib. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunublar.


7. 30 may 1991-ci il...

Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, nəticədə 11 nəfər həlak olub və 22 nəfər yaralanıb.

 

8. 19 iyun 1991-ci il...

“Yevlax-Laçın” avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469” markalı avtomaşın partladılıb, 3 nəfər həlak olub, 3 nəfər də ağır yaralanıb.

 

9. 31 iyul 1991-ci il...

Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, nəticədə 16 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

 

Saymaqla bitməyəcək qədər çox terror hadisəsi məhz dinc əhaliyə qarşı törədilib. Bunların ən dəhşətlisi, hər bir Azərbaycan vətəndaşının yaddaşından heç zaman silinməyəcək olanı “Xocalı soyqırımı”, "20 yanvar” hadisələri ve “Mart soyqırımı” olub.

 

10. 25-dən 26-na keçən gecə 1992-ci il

Xocalı soyqırımı — Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərkən, şəhərin yerli əhalisini təşkil edən Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımdır. Bu əməllər mütəşəkkil formada həyata keçirilib. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanılırdı. Bu fakt törədilmiş cinayt hadisəsinin qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun açık göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov saxlanması “DQR” hakimiyyətinin şəhərin bütün dinc insanlarını şərtsiz Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.

 

11. 20 yanvar 1992ci il...

Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi adlanan bu gecədə saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilib və dinc əhaliyə divan tutulub. Nəticədə bu hadisə yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın olaraq tarixə keçib.

 

Sovet Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan müstəqillik hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi qanunun zəruri olduğunu iddia edirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular artıq 82 nəfəri amansızcasına qətlə yetirərək 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər qətlə yetirildi. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.

 

12. 30 yanvar 2009-cu il...

Bu tarixdə Azərbaycanın ən tanınmış təhsil ocaqlarından olan Azərbaycan Dövlət Neft Akademiyasında məqsədi sadəcə təhsil almaq olan gənclərimizə qarşı terror hadisəsi baş tutub. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Ölənlərin sayı 13 nəfər, yaralıların sayı isə 10 nəfəri təşkil edib. Yaralılardan ikisi Sudan, biri isə Suriya vətəndaşı olub. İstintaq hərəkətlərinə əsasən, terrorçunun Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.

 

Belə hadisələrin ardı-arası kəsilməyib, elə bu günün özündə də davam etməkdədir...

 

13. 5 mart 2023-cü il...

Səhər saatlarında şəhərin Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə nəticəsində bir polis əməkdaşı həyatını itirib. Hadisəni törədənlər həmin gün axşam saatlarında şəhərin "Tarqovı" adlanan ərazisində ələ keçiriliblər. Onlardan biri polisə odlu silahla müqavimət göstərib və yerindəcə məhv edilib. Digəri isə saxlanılıb.

 

Biz çox hallarda ətrafımızda baş verən hadisələrə ötəri, əhəmiyyətsiz bir iş kimi baxır, gedişatı təhlil etmirik. Amma unuduruq ki, bir ölkə, millət olaraq ətrafımız bizi sevənlərlə olduğu kimi sevməyənlərlə də əhatəlidir. Ən yaxın bildiklərimiz tarix boyunca dəfələrlə bizi yarı yolda qoyub və bizə qarşı qətliam törədibllər. Tariximizi unutmamalı, gələcəyimizi daha əmin addımlar üstündə qurmalıyıq. Belə edək ki, günahsız yerə qurban gedən həmvətənlərimizin qanı yerdə qalmasın!

 

Lalə Padarova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər