00:00:00
Yazar
Admin User
12.09.2025 05:34 157 2 dəq oxuma
Sosial

Azərbaycanda rəqəmsal inkişafın açarı

Azərbaycanda rəqəmsal inkişafın açarı

Dünyada və Azərbaycanda məlumatların həcmi sürətlə artır. İnsanların sosial şəbəkələrdə paylaşdığı məlumatlardan tutmuş, sensorlardan gələn siqnallara qədər hər şey “böyük verilənlər” anlayışına daxildir. Bu məlumatların analizi isə yalnız rəqəmlərlə işləmək deyil, həm də trendləri görmək və gələcəyi proqnozlaşdırmaq deməkdir.
Mütəxəssislər bildirirlər ki, Big data sadəcə İT sahəsi üçün deyil, gündəlik həyatımız üçün də əhəmiyyət daşıyır. Məsələn, nəqliyyatda sıxlığın əvvəlcədən müəyyən olunması, onlayn alış-verişdə fərdi təkliflərin verilməsi və ya kənd təsərrüfatında məhsuldarlığın artırılması məhz bu texnologiyanın nəticəsidir.
Ekspertlər hesab edir ki, yaxın illərdə böyük verilənlərin analizi ölkə iqtisadiyyatının rəqəmsallaşmasında əsas rol oynayacaq və şirkətlər üçün rəqabətdə üstünlük qazanmağın başlıca vasitəsinə çevriləcək.

 

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elvin Abbasov "İnformator.az"a müsahibə verib.


Big Data ilə işləyərkən ən çox rast gəlinən çətinliklər hansılardır?


"Böyük verilənlərlə işləyərkən əsas çətinliklərdən biri məlumatların həddindən artıq sürətlə artması və bu məlumatların düzgün saxlanılmasıdır. İkinci böyük problem onların keyfiyyətidir yəni məlumatların dəqiqliyi, düzgünlüyü və tənzimlənməsidir. Həmçinin, kibertəhlükəsizlik məsələləri də ön plandadır, çünki bu həcmli məlumatlar həssas informasiyanı özündə saxlaya bilir. Çətinliklərdən biri də peşəkar kadr çatışmazlığıdır, big data mühəndisləri, data analitikləri və mütəxəssislərin sayı bazarda hələ də kifayət deyil".


Big Data və süni intellektin birləşməsi hansı sahələrdə yeni imkanlar yaradır?


"Big data və süni intellektin sintezi xüsusilə maliyyə, səhiyyə, nəqliyyat və elektron kommersiya sahələrində yeni imkanlar açır. Məsələn, bank sektorunda müştərinin xərcləmə davranışını analiz edərək fərdi kredit və xidmət təklifləri hazırlanır. Səhiyyədə isə xəstəliklərin erkən diaqnozu və fərdi müalicə planları bu texnologiyalarla mümkün olur. Eyni zamanda, ağıllı şəhər layihələrində yol hərəkətinin idarə olunması, ekoloji nəzarət və enerji səmərəliliyinin artırılması da bu birləşmənin nəticəsidir".


Big Data-nın tətbiqi üçün ən çox hansı sahədə boşluq görürsünüz?


"Azərbaycanda big data-nın ən böyük boşluq yaşadığı sahələrdən biri kənd təsərrüfatıdır. Bu sahədə hələ də ənənəvi metodlar üstünlük təşkil edir. Halbuki hava şəraitinə, torpağın məhsuldarlığına, suvarma sistemlərinə dair məlumatların analizi ilə daha səmərəli və məhsuldar təsərrüfat modeli qurmaq olar. Bundan başqa, səhiyyə sistemində də məlumatların inteqrasiyası və analizi tam şəkildə oturuşmayıb, elektron sağlamlıq sistemlərinin daha güclü şəkildə qurulmasına ehtiyac var".


Azərbaycanda müəssisələr Big Data-dan daha çox hansı məqsədlə istifadə etməyə çalışırlar?


"Hazırda yerli müəssisələr big datadan əsasən müştəri davranışlarının analizi, bazar trendlərinin öyrənilməsi və satış strategiyalarının qurulması üçün istifadə edirlər. Banklar və telekommunikasiya şirkətləri müştəri seqmentləşməsi, fərdi kampaniyalar və risklərin idarə olunmasında big dataya daha çox üstünlük verirlər. E-ticarət sektoru isə fərdi təkliflərin hazırlanması və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına yönəlir".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər