“Azərbaycanda siyasi sabitliyi təhdid edəcək hər hansı bir məsələ yoxdur”
Azərbaycanda İcra Hakimiyyətlərinin ləğvi və onların yerinə xüsusi nümayəndəliklərin yaradılması ilə bağlı gedən müzakirələr ölkədə yeni idarəetmə mərhələsinə keçidin mümkünlüyü kimi qiymətləndirilir. Bu dəyişiklik həm mərkəzi hakimiyyətin səmərəliliyinə, həm də bölgələrdə idarəetmənin strukturuna təsir edə biləcəyi üçün siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, əslində icra hakimiyyətlərinin ləğvi ilə bağlı danışmaq tezdir, çünki bununla bağlı konkret qərar hələ ki, verilmir:
“Amma son zamanlar bu məsələyə diqqətin artırılması, sırf icra hakimiyyəti strukturlarında yol verilən qanunsuzluqlar, son dönəmlərdə bir neçə icra hakimiyyəti rəhbərlərinin tutulması, onların külli miqdarda dövlət büdcəsinə zərər verməsi və vəzifəsindən sui-istifadə hallarına yol verməsi məsələlərin aşkara çıxarılması ilə bağlıdır. Azərbaycanda icra hakimiyyəti institutunun illərdir tənqid mövzusu olması sistemin özünün dəyişməsinin zəruriliyini göstərir. Artıq mövcud modelin “dünya idarəetmə standartlarına tam uyğun gəlmədiyi” ilə bağlı ekspert fikirləri güclənib, dövlətin də bu istiqamətdə müəyyən araşdırmalar apardığı görünür. Bu da icra hakimiyyətləri sisteminin bir növ artıq effektivlik baxımından dünya təcrübəsi ilə uyuşmadığını, ayaqlaşmadığını demək əsas verir. İndi gələcəkdə mümkün yeni alternativ sistemlər yaradıla bilər. Təbii ki, burada icra hakimiyyətlərinin ləğv edilib-edilməməsi sonrakı proseslərin və dövlətin ən ali səviyyədə verəcəyi qərardan asılıdır. Xüsusilə korrupsiya halları, vəzifədən sui-istifadə faktları və büdcə vəsaitlərinin mənimsənilməsi kimi hallar uzun müddətdir həm sosial narazılıq, həm də idarəetməyə etimadla bağlı suallar yaradıb. Bu mənada islahatlar həm sosial rifaha, həm iqtisadi göstəricilərə, həm də yerli strukturların cavabdehliyinə təsir edə bilər".
Həmçinin şərhçi qeyd edib ki, bu dəyişikliklərin siyasi sabitliklə əlaqələndirilməsi düzgün deyil:
"Eyni zamanda, ölkədə siyasi sabitlik məsələsinə gəldikdə, hazırda Azərbaycanda siyasi sabitliyi təhdid edəcək hər hansı bir məsələ yoxdur. Sadəcə bu, iqtisadi təsirlər göstərir. Yəni özbaşınalıqların baş verməsi, büdcədən vəsaitlərin talan edilməsi, vəzifədən sui-istifadə halları xalqın sosial rifahına təsir edir. Dolayısıyla, daxili siyasətdə bu, iqtisadi inkişafın qarşısını alan faktorlar ortaya çıxara bilir. Ona görə də mən düşünürəm ki, indi bunun siyasi sabitliklə heç bir əlaqəsi yoxdur. Problemlərin davam etməsi halında müəyyən sosial narazılıqların yarana biləcəyi istisna deyil. Amma əgər bu özbaşınalıqlar davam edərsə və bunun qarşısı alınmazsa, zaman-zaman ola bilər ki, xüsusən sürətlə kasıblaşan təbəqələrdə narazılıq yaratsın. Amma düşünürəm ki, Azərbaycan dövləti zamanında bunun qarşısını alacaq, xalq-dövlət birliyi yenidən formalaşdırılacaq və bu iqtisadi problemlər vaxtında həll ediləcək. Öncə də dediyim kimi, heç bir siyasi təhlükəsizlik məsələsi indi aktual deyil və olmayacaqdır. Mümkün islahatlar təkcə struktur dəyişikliyi deyil, həm də idarəetmədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində mühüm addım ola bilər. Xüsusi nümayəndəliklərin yaradılması modeli tətbiq olunsa, yerli idarəetmədə daha birbaşa nəzarət mexanizmləri formalaşacaq, bu isə korrupsiya hallarının qarşısının alınmasında əlavə rol oynaya bilər”.
Ayşə Müzəfərli
