Azərbaycanın tranzit çəkisi artır
Cənubi Qafqazda aparılan yeni infrastruktur və nəqliyyat layihələri fonunda Azərbaycan üçün nəzərdə tutulan və hələ yaradılması planlaşdırılan Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Bu dəhlizin formalaşması ölkənin regional mövqeyini daha da gücləndirə, Azərbaycanın siyasi təsir imkanlarını genişləndirə və iqtisadi əlaqələrini yeni mərhələyə daşıya bilər.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında Politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur Dəhlizi Cənubi Qafqaz və Orta Asiya arasında əlaqələrin güclənməsinə səbəb olacaq strateji bir nəqliyyat xəttidir:
“İqtisadi üstünlüklərinə gəldikdə isə, bu dəhliz Orta Dəhlizin əsas komponentlərindən və tranzit marşrutlarından birinə çevriləcək. Zəngəzur Dəhlizi vasitəsilə ildə təxminən 10–12 milyon ton yükün daşınması mümkündür. Tələbat artdığı halda bu göstərici 15 milyon tona qədər yüksələ bilər. Bu qədər böyük yük axınının Azərbaycan ərazisindən keçməsi ölkəyə həm iqtisadi dividendlər, həm də əlavə maliyyə gəlirləri qazandıracaq”.
Bununla belə, politoloq layihənin ümumi nəticəsinin müsbət olacağını düşünür:
“Gələcəkdə reallaşması gözlənilən bu marşrut təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də dövlətin tranzit potensialının artırılması baxımından mühüm addım hesab olunur”.
Fidan Ağayeva
