Azərbaycanın tranzit və enerji mərkəzi kimi geosiyasi rolu
Azərbaycan, Avropa ilə Asiya arasında strateji mövqeyi və zəngin enerji ehtiyatları sayəsində son illərdə Cənubi Qafqazın əsas tranzit və enerji mərkəzlərindən birinə çevrilib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycanın geosiyasi baxımdan əhəmiyyətli nəqliyyat və logistika infrastrukturudur:
“Bu dəmir yolu Avrasiya məkanında müxtəlif istiqamətlər üzrə yüklərin daşınması və nəqlində nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Bakı–Tbilisi–Qars xəttinin illik daşınma gücü onun Avrasiya regionunda strateji funksiyasını açıq şəkildə göstərir. Yaxın gələcəkdə bu dəmir yolundan sərnişin daşımalarının da həyata keçirilməsi planlaşdırılır ki, bu da onun əhəmiyyətini bir daha sübut edəcək. Hazırda Azərbaycanın məqsədi dəmir yolunun illik daşınma gücünü 5 milyon tona çatdırmaqdır. Bu, ölkəyə əlavə gəlirlərin artması və tranzit imkanlarının genişlənməsi deməkdir. Çindən gələn konteyner qatarlarının Azərbaycan üzərindən BTQ marşrutu ilə daşınması çox böyük iqtisadi səmərə gətirir. Hətta son aylara qədər Rusiya da müəyyən konteyner yüklərinin daşınmasında bu dəhlizin imkanlarından istifadə edirdi. Azərbaycan enerji və tranzit sahəsində mühüm beynəlxalq əməkdaşlıqlar həyata keçirir. Bu əməkdaşlıqlar təkcə Azərbaycan üçün deyil, həm də bu layihələrdə iştirak edən xarici ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Xüsusilə enerji sahəsində qurulan tərəfdaşlıqlar geniş bir coğrafiyanı əhatə etməklə, həm regional, həm də qlobal enerji təhlükəsizliyində mühüm balans yaradır. Cənub Qaz Dəhlizi, TANAP (Trans-Anadolu Boru Kəməri) və TAP (Trans-Adriatik Boru Kəməri) layihələri bu baxımdan diqqətəlayiqdir və onların bir sistem kimi fəaliyyəti Türkiyə və Avropanın enerji təhlükəsizliyində həyati rol oynayır. Bu gün Avropanın 12-dən çox dövləti Azərbaycanın qaz təchizatı sayəsində enerji ehtiyaclarını qarşılaya bilir. Ukrayna müharibəsi başlayandan sonra sabit enerji təhlükəsizliyinin əhəmiyyəti daha aydın görünməyə başlayıb. Azərbaycan tranzit məkanı kimi həm möhkəm infrastruktur şəbəkəsinə, həm də təhlükəsiz mühitə malikdir. Bu amillər ölkənin geosiyasi mövqeyini avtomatik şəkildə yüksəldir və onun regional təsir gücünü artırır. Eyni zamanda Azərbaycanın alternativ enerji sahəsindəki potensialı da şübhə doğurmur. Günəş, külək və digər bərpa olunan enerji mənbələrinə sərmayələrin artırılması, Azərbaycanın gələcəkdə yalnız neft və qaz ixracatçısı deyil, həm də yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirə bilər”.
Fatimə Hüseynli