00:00:00
Yazar
Admin User
21.11.2025 18:49 116 2 dəq oxuma
Siyasət

Azərbaycanla ABŞ Zəngəzur dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycanla ABŞ Zəngəzur dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüş keçirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zəngəzur dəhlizinin açılması zaman məsələsidir və gec-tez bu baş verəcək:

 

"Artıq bu məsələdə Azərbaycanın siyasi iradəsi uzun müddətdir mövcuddur. Son dövrlərdə isə Ermənistanda da bu istiqamətdə müəyyən iradənin formalaşdığı müşahidə olunur. Hətta ehtimal etmək olar ki, Zəngəzur dəhlizinin açılması sülh sazişindən də əvvəl baş verə bilər. Xüsusilə də ABŞ bu məsələdə maraqlı tərəf kimi çıxış edir və bu, prosesin sürətlənməsinə təsir göstərə bilər.

 

Əlbəttə, dəhlizin açılması müəyyən xarici qüvvələrin reaksiyasına səbəb ola bilər. Məsələn, Rusiya bu mərhələdə müəyyən müqavimət göstərə bilər. Çünki bu layihənin gerçəkləşməsi ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi anlamına gəlir və bu, Rusiyanın regional maraqları ilə toqquşur. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Rusiya üçün də əslində faydalıdır. Lakin Moskvanın bu mərhələdə məsələyə açıq şəkildə dəstək verməməsi, onun regionda ABŞ-nin nüfuz artımına səssiz razılıq verməsi demək olardı. Bu isə Rusiyanın strateji baxımdan geri çəkilməsi mənasına gələ bilər.Zəngəzur dəhlizinin açılması ümumilikdə Rusiyanın strateji maraqlarına uyğundur. Lakin taktiki baxımdan Rusiya hazırda zəifləyib və diqqəti Ukraynadakı müharibəyə yönəlib. Buna görə də hazırkı mərhələdə Zəngəzur dəhlizinin açılması ABŞ-nin regiondakı təsir imkanlarını artıracaq. Rusiya isə bu mərhələdə dəhliz məsələsinə daha soyuq yanaşa bilər. Gələcəkdə bunun əlamətlərini açıq şəkildə görəcəyik.

 

Qeyd etmək lazımdır ki, ABŞ-nin də Cənubi Qafqaz və Zəngəzur dəhlizi ilə bağlı xüsusi maraqları mövcuddur. Bu maraqlar əsasən regionda möhkəmlənmək və təsir imkanlarını artırmaq məqsədi daşıyır.

 

Zəngəzur dəhlizinin açılmasının bir sıra nəticələri ola bilər:

1. ABŞ-nin regionda təsir imkanları genişlənəcək,

2. Regional iqtisadi əməkdaşlıq inkişaf edəcək,

3. Ermənistan iqtisadi blokadadan çıxacaq,

4. Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək.

 

Qısacası, Zəngəzur dəhlizi yalnız logistik layihə deyil, həm də böyük geosiyasi və iqtisadi nəticələrə malik bir təşəbbüsdür".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər