Azərbaycanla bağlı saxta "Avroviziya" iddiaları
Son günlər Türkiyənin bəzi media qurumlarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar tirajlanır. Xüsusilə “Avroviziya” mövzusu ətrafında yayılan saxta xəbərlər iki ölkə arasındakı münasibətlərə kölgə salmaq üçün istifadə olunur. Bu isə informasiya müharibəsinin təhlükəli tərəfini bir daha göstərir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, bu xəbər həqiqətə uyğun deyil:
"Sözügedən xəbər həqiqətə uyğun deyil. Ümumiyyətlə, tədbir çərçivəsində bu kontekstdə müzakirə aparılmayıb. Eyni zamanda, Azərbaycan tərəfdən qeyd olunan təkliflə bağlı hər hansı açıqlama və ya şərh verilməyib. 2–4 dekabr tarixlərində Cenevrədə keçiriləcək EBU-nun Baş Assambleyasında İsrailin iştirak məsələsi üzv ölkələrin səsverməsinə çıxarılacaq. Beləliklə, qərarı müsabiqə rəhbərliyi deyil, məhz EBU üzvləri verəcək.
Türkiyənin “Akit” televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” Azərbaycanın “Avroviziya-2026-da İsrail yoxdursa, biz də yoxuq” xəbərini paylaşıb. Təəssüf ki, bu ilk belə hal deyil. Belə ki, “Avroviziya-2025” mahnı müsabiqəsində Azərbaycanın İsrailə 12 xal verməsi də Türkiyədə birmənalı qarşılanmamışdı. Türkiyə ictimaiyyətinin məsələyə yanaşması çox emosionaldır. Hazırda Türkiyədə İsrailə qarşı münasibət son dərəcə sərtdir. Fələstin məsələsinə Türkiyədə həm siyasi, həm dini, həm də insani baxımdan böyük həssaslıq var. Amma burada diqqət yetirilməli olan vacib məqam odur ki, ictimai emosiyaları kim və necə istifadə edir".
Ekspert bildirib ki, Türkiyə tərəfi təəssüf ki, “Akit” televiziyası və “Baho” kimi subyektlərə nəzarət edə bilmir:
"İddialar əsaslı şəkildə Türkiyə–Azərbaycan münasibətlərinə təsir edə bilər. Azərbaycan hər dəfə bu və bu kimi məsələlərə görə Türkiyə ictimaiyyətində hədəf olmamalıdır. Bunu edənlər isə açıq şəkildə cəzalandırılmalıdır. Bu iddianı yayan media subyektlərinə xəbərdarlıq edilməlidir.
Təəssüf ki, bu məsələlər Türkiyə mediasında öz əksini layiqincə tapmadığı kimi, bunu səsləndirə biləcək ekspertlərə də yer verilmir. Nəticə etibarilə provokatorlar və ya Türkiyə–Azərbaycan münasibətlərini pozmaq istəyən dairələr daha aktiv işlər görərək belə informasiyaları dövriyyəyə buraxırlar. Rəsmi Ankara bu məsələ ilə bağlı təcili tədbir görməlidir".
Türkan Kərimli
