Azərbaycanla - Macarıstan münasibətləri
Azərbaycan və Macarıstan arasında mədəni əməkdaşlıq proqramı imzalanıb. Sənəd iki ölkə arasında mədəniyyət, təhsil və incəsənət sahəsində əlaqələrin genişlənməsinə yeni imkanlar açır.
Mövzu ilə əlaqədar olaraq politoloq Əhəd Məmmədli "İnformator.az" a açıqlamasında bildirib ki, Macarıstanla əlaqələrin genişlənməsi diqqətə layiqdir:
"Azərbaycan ilə Macarıstan arasında münasibətlər Avropa ölkələri, xüsusilə də Avropa İttifaqı ölkələri arasında ən yaxşı səviyyədə olan münasibətlərdən biridir. Macarıstan, Avropa məkanında Azərbaycanın dost və strateji tərəfdaş hesab etdiyi ölkələrdən biridir. Həmçinin, Macarıstan Türk Dövlətləri Təşkilatında da (rəsmi üzv olmasa da) müşahidəçi kimi iştirak edir və bu formatda keçirilən tədbirlərdə, iclaslarda fəal şəkildə təmsil olunur.
Macarıstanın Baş naziri Viktor Orban dəfələrlə öz çıxışlarında qıpçaq mənşəli olduqlarını qeyd edib. Bu da bir daha göstərir ki, Macarıstan türk köklərinə malik ölkədir. Bu ortaq tarixi və etnik bağlar, təbii olaraq Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasına təsir göstərir. Eyni zamanda, Macarıstanın Türkiyə ilə də yaxın münasibətləri var ki, bu da Türk dünyası ilə ümumi əlaqələrin inkişafında mühüm rol oynayır.Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində müəyyən gərginliklərin yaşandığı dövrlərdə, dini və etnik baxımdan yaxın olan ölkələrlə əlaqələrini daha da gücləndirməyə çalışır. Bu kontekstdə Macarıstanla yanaşı, Albaniya ilə də münasibətlərin inkişafı diqqətəlayiqdir. Albaniya da türk köklərinə yaxın bir ölkə kimi Azərbaycana mədəni və tarixi baxımdan yaxın hesab olunur.
Viktor Orban Avropa siyasətində daha müstəqil mövqe sərgiləyən liderlərdən biridir. O, Avropa İttifaqının bəzi siyasətlərinə, xüsusilə də LGBT məsələlərinə qarşı sərt mövqe tutur. Bununla yanaşı, Macarıstanda bəzi mənfi tendensiyalar da mövcuddur – məsələn, islamofobiya və İsrail yönümlü bəzi mövqelər. Bu kimi məsələlərdə Macarıstanla Azərbaycan arasında tam uzlaşma olmasa da, rəsmi Bakı çalışır ki, ortaq maraqlara əsaslanan münasibətləri davam etdirsin və Avropa məkanında öz siyasi mövqelərini daha da möhkəmləndirsin.
Bu siyasət tamamilə məntiqlidir və Azərbaycanın xarici siyasət kursunda ardıcıllıq nümayiş etdirir. Macarıstanla münasibətlərin daha da genişlənməsi hər iki ölkənin maraqlarına uyğundur".
Arzu Poladova
