Azərbaycanla Oman bu şəxslər üçün vizanı ləğv edib
Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejiminin qarşılıqlı ləğv edilməsi haqqında Saziş imzalayıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Oman və Azərbaycan arasındakı münasibətlər son zamanlarda inkişaf edir:
"Ümumiyyətlə, Azərbaycan beynəlxalq siyasətdə öz mövqeyini xeyli möhkəmləndirib. Yaxın Şərq və Ərəb coğrafiyası üzərində Azərbaycan bu ölkələrlə münasibətinə xüsusi şəkildə diqqət yetirir. Bu da Oman-Azərbaycan münasibətlərində ikitərəfli münasibətlərə zəmin yaradır. Omanın böyük perspektivi var, öz bölgəsində mühüm dövlətdir, burada bir sıra mühüm görüşlərin keçirilməsi, diplomatik danışıqlara ev sahibliyi etmək, Omanın yerləşdiyi strateji coğrafi mövqe, məhz, bu şəkildə ölkəyə marağı artırır. Bakı və Məsqət arasındakı münasibətlərin yüksək səviyyədə inkişafı hər iki ölkənin həm Omanın, həm də Azərbaycanın xeyrinə olacaq bir məsələdir. Bundan sonra da münasibətlər daha da genişləndirilmiş şəkildə davam edəcək. Biz qarşılıq olaraq Omandanda eyni cür addımların şahidi ola bilərik. Düşünürəm ki, Azərbaycan və Oman arasında yaxın zamanda viza rejiminin ləğv edilməsi Azərbaycan və Omanda turizimin inkişafına, eyni zamanda münasibətlərin daha da yaxşılaşmasına, hər iki ölkənin istər əməkdaşlıq təşkilatı çərçivəsində istərsə də ikitərəfli münasibətlər müstəvisindəki əlaqələrinə böyük töhfə verəcək addımlardır. Azərbaycan və Oman münasibətlərinin bundan sonrakı gələcəyi daha da yüksək şəkildə davam edəcək. iqtisadi potensial da var. Enerji sektorunda, turizm sektorunda əməkdaşlığın aparılması üçün zəmin var. Həmçinin qarşılıqlı səfərlər mümkündür. Azərbaycanın bu jesti onu göstərir ki, iki ölkənin arasındakı münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək".
Günel Əlili
