00:00:00
Yazar
Admin User
06.01.2026 17:40 62 3 dəq oxuma
Siyasət

Azərbaycanla Türkiyə arasında "Abşeron" qazı üzrə uzunmüddətli müqavilə bağlanıb

Azərbaycanla Türkiyə arasında "Abşeron" qazı üzrə uzunmüddətli müqavilə bağlanıb

Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb. Müqaviləyə əsasən, "Abşeron" yatağından ildə 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində Türkiyəyə qaz tədarük ediləcək.

Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Türkiyənin qaz təchizatında mühüm rol oynayan tərəfdaşlardan biridir:

"Azərbaycanla Türkiyə arasında qaz müqavilələri mövcuddur və artıq xeyli vaxtdır ki, Türkiyə Azərbaycan qazını alır. Ümumiyyətlə, Türkiyənin qaz tədarükündə Azərbaycan Rusiyadan sonra ikinci yeri tutur. İndi isə yeni bir müqavilə imzalanıb. Bu müqavilə Abşeron yatağından tədarük ediləcək qazla bağlıdır. 15 il müddətinə bağlanmış bu sazişə əsasən, hər il Türkiyə Azərbaycandan 2,25 milyard kubmetr qaz idxal edəcək və bu tədarükün 2029-cu ildən 2040-cı ilə qədər davam etməsi nəzərdə tutulur. Bu müqavilənin bağlanmasının əsas səbəblərini Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi də qeyd edib. Türkiyənin bu qaza ehtiyacı var. Hazırda Azərbaycan Türkiyənin qaz təchizatında mühüm rol oynayan tərəfdaşlardan biridir və ola bilsin ki, 2029-cu ildən sonra Türkiyənin qaz tələbatının ödənilməsində Azərbaycanın rolu daha da artsın. Digər tərəfdən, bu müqavilə Türkiyə üçün qaz tədarükündə alternativ mənbələrdən yararlanmaq imkanı yaradır. Bu da ölkənin qaz bazarında rəqabət qabiliyyətini artırır. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və dostluq münasibətləri də bu əməkdaşlıqda mühüm rol oynayır".

 

Ekspertin sözlərinə görə, Azərbaycanın qazını satmaq üçün bazara ehtiyacı var, Türkiyənin isə qaz tələbatı mövcuddur:

 

"İki qardaş ölkə arasında razılaşmaların və ortaq ticarətin olması əməkdaşlığımıza və qarşılıqlı əlaqələrimizin möhkəmlənməsinə müsbət təsir göstərir. Bu amil də müqavilənin bağlanmasının səbəblərindən biri hesab oluna bilər. Bundan əlavə, Türkiyə inkişaf edən və böyüyən bir dövlətdir. Gələcəkdə daha çox qaza ehtiyac duyacağı ehtimal olunur və bu tələbatın bir hissəsini Azərbaycandan qarşılamaq niyyətindədir. Bakı-Ərzurum-Qars qaz boru xəttinin mövcud olması isə bu tədarükü texniki baxımdan daha əlverişli edir. Bu infrastrukturdan istifadə etməklə qazın Türkiyəyə nəqli hər iki ölkənin iqtisadi, siyasi və geosiyasi maraqlarına uyğundur. Abşeron qaz yatağının digər yataqlardan fərqinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu yataq Xəzər dənizində yerləşir və ehtiyatları təxminən 350 milyard kubmetr olaraq qiymətləndirilir. Bildiyimə görə, əvvəlcə Fransa və Azərbaycanın Total şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkəti də bu layihəyə qoşulub. Bu razılaşmalar çərçivəsində yataqdan qaz hasil olunur və Türkiyə kimi böyük və sabit alıcının mövcudluğu həm istehsalçılar, həm də idxalçı tərəf üçün sərfəlidir. Böyük ehtiyatların olması onu deməyə əsas verir ki, 15 il ərzində Türkiyəyə ümumilikdə 33 milyard kubmetr qaz ixrac edilə biləcək. Təqribən hər il 2–2,5 milyard kubmetr qaz göndərilməsi planlaşdırılır. Nəticə etibarilə, bu layihə həm ticari, həm də iqtisadi baxımdan Azərbaycan və Türkiyə üçün qarşılıqlı şəkildə səmərəli və əlverişlidir".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər