AzTV-nin Teleradio Akademiyası Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirdi
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası “Mediada Azərbaycan dili” proqramı çərçivəsində növbəti təlimini Lənkəranda reallaşdırdı.
"İnformator.az" xəbər verir ki, tədbirdə media qurumlarının nümayəndələri və dövlət strukturlarının mətbuat xidmətlərinin əməkdaşları qatıldılar.
Təlim “Mediada Azərbaycan dili” adlı videoçarxın nümayişi ilə başladı.
Tədbirin başlıca məqsədi medianın ana dilinin qorunmasındakı əhəmiyyətini vurğulamaq, bu istiqamətdə mövcud yanaşmaları və inkişaf imkanlarını müzakirə etmək, həmçinin mövcud problemləri üzə çıxarmaq oldu.
Lənkəran Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər və humanitar işlər üzrə sektor müdiri Sehran Alışov açılış nitqi ilə tədbirə start verdi.
Daha sonra efir estetikası üzrə mütəxəssis Mümtaz Xəlilzadə tədbiri davam etdirdi.
Teleradio Akademiyasının direktoru Almaz Nəsibova çıxışında proqramın əsas hədəfinin Azərbaycan dilinin qorunması və inkişafı olduğunu vurğuladı, layihə barədə məlumat verdi və təlimlərin yekununda kitabın nəşr ediləcəyini diqqətə çatdırdı.
Əməkdar artist Sevda Ağazadə nitqində bildirdi ki, düzgün və səlis nitq yalnız media nümayəndələri üçün deyil, hər bir vətəndaş üçün vacibdir. O qeyd etdi ki, fikirlərin ardıcıl və tələsmədən ifadə olunması dinləyici ilə ünsiyyətdə mühüm rol oynayır. Onun sözlərinə görə, insanın nitqi onun tanınmasında əsas amillərdən biridir. Sevda Ağazadə Azərbaycan Televiziyasının peşəkar məktəb kimi rolunu xüsusi vurğuladı və efirin yüksək məsuliyyət tələb etdiyini şəxsi təcrübəsi ilə əsaslandırdı.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, dosent Şəhla Quliyeva çıxış edərək dəvətə görə təşəkkürünü bildirdi. Azərbaycan dilinə diqqətin artırılmasının vacibliyini qeyd etdi və orfoqrafiyanın tarixi inkişafı haqqında məlumat verdi.O, düzgün nitqin formalaşdırılmasının yazı mədəniyyətinin əsasını təşkil etdiyini vurğuladı.
“Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev çıxışında sovet dövründə Azərbaycan televiziyasının üzləşdiyi çətinliklərdən söz açdı. O bildirdi ki, Azərbaycan Televiziyası zəngin ənənələrə malikdir və onun təcrübəsi beynəlxalq müstəvidə də maraqla qarşılanıb. Eyni zamanda, həm televiziya, həm də yazılı mətbuatda dil qaydalarına riayət olunmasının vacibliyini diqqətə çatdırdı.
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin nümayəndəsi Qafar Cəfərli çıxışında dilin qorunmasının milli kimliyin qorunması ilə birbaşa bağlı olduğunu bildirdi. O, Azərbaycan dilinin müxtəlif dövrlərdə xarici təsirlərə məruz qaldığını qeyd edərək, bu gün dilin saflığının qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Təlim çərçivəsində iştirakçılar arasında müzakirələr aparıldı.
Lalə Qafarova