“BƏƏ-nin Qarabağa marağı həm iqtisadi, həm də siyasi xarakter daşıyır”
Qarabağda Prezident İlham Əliyevlə görüşən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti bu səfəri “böyük şərəf” adlandırıb. Hadisə beynəlxalq müstəvidə maraqla qarşılanıb və region üçün mümkün nəticələri barədə suallar doğurur.
Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla BƏƏ arasındakı münasibətlər artıq bir neçə ildir sürətlə inkişaf edir və bu əməkdaşlığın əsasında ilk növbədə iqtisadi maraqlar dayanır:
“Enerji sektoru burada xüsusi yer tutur. Tərəflər bu sahədə çox sıx əlaqələr qurublar, birgə layihələr reallaşdırılıb və hazırda da davam edir. Bu münasibətlər təkcə enerji ilə məhdudlaşmır, həm də qarşılıqlı investisiyalar, müxtəlif iqtisadi istiqamətlərdə əməkdaşlıqla möhkəmlənir. BƏƏ bu əlaqələr vasitəsilə həm Cənubi Qafqazda, həm də Azərbaycana yaxın regionda öz mövqelərini daha da gücləndirir. Bu gün münasibətlər möhkəm təməl üzərində qurulub və uzunmüddətli perspektivə hesablanıb”.
BƏƏ-nin Qarabağa marağı həm iqtisadi, həm də siyasi xarakter daşıyır:
“Qarabağda genişmiqyaslı bərpa işləri aparılır və Ərəb şirkətləri bu proseslərdə yaxından iştirak edə bilərlər. Burada xüsusilə bərpa olunan enerji sahəsində böyük perspektivlər mövcuddur. Əlavə olaraq, bu maraqda müəyyən simvolik məqam da var. Belə ki, Əbu-Dabi bu bərpa işlərində iştirak etməklə həm dünyaya, həm də region ölkələrinə açıq mesaj verir. İslam həmrəyliyi prinsipi yalnız bəyanatlarda deyil, real həyatda da tətbiq olunur. Qarabağa diqqət göstərilməsi Azərbaycanla BƏƏ münasibətlərini yeni mərhələyə daşıya, həm də regionun gələcək inkişafına töhfə verə bilər”.
Ayşə Müzəfərli