“BÖYÜK ERMƏNİSTAN” XÜLYASI ÇÖKÜR
Tarix bəzən ölkələri dönüş nöqtəsinə gətirir. Ermənistan üçün həmin dönüş nöqtəsi məhz indi yaşanır. Yeni Konstitusiyanın qəbul edilməsi yalnız hüquqi dəyişiklik deyil, həm də dövlətin gələcək taleyini müəyyən edəcək siyasi imtahandır. Bu imtahan həm daxildə Paşinyanın mövqeyini, həm də xaricdə sülh gündəminin taleyini müəyyənləşdirəcək.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Ermənistanda bu istiqamətdə komissiya iclasları keçirilir və müvafiq təkliflər razılaşdırılır:
"Birincisi, bu, Paşinyanın özü üçün prioritet məsələdir. İkincisi isə Azərbaycanın sülh üçün başlıca tələblərindən biridir. Hərçənd bunun rəsmi şəkildə sülh sənədinə salınmayacağını bilsək də, Ermənistan tərəfi də bunun edilməli olduğunun fərqindədir. Rəsmi İrəvan həm daxili siyasi dinamikaları dəyişmək, həm sülhün davamlılığını təmin etmək, həm də ümumilikdə sülhə nail olmaq üçün bu addımı atmalıdır. Hesab edirəm ki, bu il olmasa da, 2026-cı ildə bu mövzuda daha real müzakirələrə şahid ola bilərik. Hətta Konstitusiyanın qəbulu ilə bağlı proses də dəyişə bilər. Burada əsas məqam Konstitusiyanın hansı formada dəyişməsidir: əgər yalnız bir neçə maddə dəyişəcəksə, bunu bütövlükdə yeni Konstitusiyanın qəbulu kimi deyil, sadəcə müəyyən qanunvericilik dəyişiklikləri kimi qiymətləndirmək olar. Bu isə prinsip etibarilə bizim üçün müsbət haldır. Çünki bizim əsas istəyimiz Ermənistan hüququnun tam şəkildə dəyişməsi deyil, Azərbaycanın maraqlarına və ümumilikdə işğalçı ritorikasına xidmət edən müddəaların aradan qaldırılmasıdır. Ermənistan bunun artıq fərqindədir və bu məsələ İrəvan–Bakı dialoqu çərçivəsində öz həllini tapmaq üzrədir".
Sülhün imzalanma tarixi ilə bağlı proqnoza gəldikdə politoloq gələn il sülhdən daha real şəkildə danışa biləcəyimizi bildirib:
"Bu il kifayət qədər böyük hadisələr baş verdi, hətta deyərdim ki, 2025-ci il münaqişə tarixinin ən məhsuldar illərindən biri oldu. Bu baxımdan 2026-cı ildə ən azından ilkin olaraq paraflanan sülh sazişinin imzalanması mümkündür. Əgər kənar müdaxilələr olmasa, xüsusi dəyişiklik baş verməsə və ya İrəvan öz siyasi mövqeyindən geri addım atmasa, məncə, prinsipial məsələlərin böyük hissəsi artıq həll olunub və sülh sazişi imzalana bilər".
Turan Rzayevin sözlərinə görə, yeni Konstitusiyanın hazırlanması və qəbulu prosesi Ermənistanda asan şəkildə baş verməyəcək:
"Bu, ölkə üçün kifayət qədər sancılı bir proses olacaq. Onsuz da bir müddətdir ki, Ermənistan kilsəsi ilə Paşinyan arasında qarşıdurma mövcuddur və Paşinyan daxildə həm mövqelərini gücləndirmək, həm də hakimiyyətini möhkəmləndirmək üçün müəyyən addımlar atır. Bu prosesdə bəzi məqamlar var ki, məsələn, sülh sazişi kimi deyil, Konstitusiyanın hazırlanması kimi mövzular radikal şəkildə cəmiyyətə təqdim edilməsə də, Ermənistanda qəribə siyasi düşüncə formalaşıb: 30 illik işğal təfəkkürü və ondan əvvəl yüz ilə yaxın davam edən “böyük Ermənistan” ideologiyası nəticəsində beyinləri yuyulan bir kütlə mövcuddur. Bu insanları sülhə inandırmaq və sülhü təmin edəcək dəyişiklikləri qəbul etdirmək kifayət qədər çətindir. Xüsusilə də seçkilərdən sonra müxalifət istədiyi nəticəni əldə etməsə, Ermənistanda bir neçə aylıq gərginlik ola bilər . Lakin nəticə etibarilə prosesin sonda Paşinyanın istədiyi kimi yekunlaşacağını düşünürəm. Bu da öz növbəsində Cənubi Qafqazda sülh prosesinin sonuna yaxınlaşdığımızı deməyə əsas verir".

Xumar Emilqızı
