00:00:00
Yazar
Nərmin Həşimova
25.04.2026 20:25 25 6 dəq oxuma
Maraqlı

“Bəxti gətirən” mollanəsrəddinçi

“Bəxti gətirən” mollanəsrəddinçi

“Keçən ildən bəri Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” adlı müsəlman yumoristik jurnalı öz oxucuları arasında getdikcə daha artıq maraq cəlb edir. Az zamanda nəşr edilməsinə baxmayaraq, redaktoru istedadlı Mirzə Cəlil Məmmədquluzadə olan bu jurnal yalnız Rusiyada deyil, hətta İranda və digər müsəlman ölkələrində özünə geniş oxucu kütləsi qazanmışdır”.      

  "Zakavkazye” qəzeti,

   30 yanvar 1907, №24
 
Tədqiqatçıların fikrincə, mollanəsrəddinçilər arasında nisbətən “bəxti gətirən” Əli Nəzmi olmuşdur. Çünki başqa mollanəsrəddinçilərə nisbətən Əli Nəzmi hələ sağlığında əsərlərinin böyük bir hissəsinin nəşrinə nail olmuş, Ö.F.Nemanzadə kimi tez-tez sürgünlərə, həbslərə məruz qalmamış, Q.Qəmküsar kimi faciəli həyat yaşamamış və s. Amma təəssüflər ki, onun da həyatı qələm, məslək yoldaşları olan mollanəsrəddinçilər kimi ehtiyac içində keçmiş, uşaqlığından ömrünün sonuna kimi bu ehtiyac onu tərk etməmişdi.


Ə.Nəzmi 1878-ci ildə Gəncənin Sərab kəndində kasıb bir ailədə dünyaya gəlib. Ailənin ilk oğul övladı dünyaya gəlmək münasibətilə atası Məhəmməd kişi yeganə dövlətli olan bağını sataraq Məşədə ziyarətə səfər edir və bu səfərlə də ailə daha da müflisləşir. Əlinin 11 yaşı yenicə tamam olanda atası rəhmətə gedir və elə həmin gündən altı baş ailənin ağırlığı onun üzərinə düşür.
Mollaxanada dərsdən sonra Əli meşədən odun yığıb satmaqla ailəni dolandırmaq üçün anasına kömək edir.

1898-ci ildə Buxaraya gedən Əli, orada yaxın qohumlarından birinin dükanında köməkçi kimi işləyərək ailəsinə bir parça çörək qazanmışdı. Dükana tez-tez bir yəhudi mühəndis gəlirmiş. Əli ilə sözü tutan bu mühəndis Əliyə oxumaq üçün maraqlı kitablar, qəzetlər gətirərək onu elmə həvəsləndirir. Ə.Nəzminin günü-güzəranı çox ağır keçsə də, onda ədəbiyyata maraq oyanır və ağır güzəranını nəzmə çəkərək, ara-sıra şeirlər yazmağa başlayır.
İlk mətbu əsəri “Şərqi-rus”da çap olunan Əli Nəzminin ilk yaradıcılığı haqqında tədqiqatçıların fikri belədir ki: “onun 1901-ci ildən başlayaraq şeirlər yazdığı və hətta bundan bir neçə il əvvəl Orta Asiyadan öz dostlarına və məktəb yoldaşlarına mənzum məktublar göndərdiyi məlumdur”. Bu haqda şair özü də sonralar xatirələrində yazırdı ki: “Mən qürbətdə mütəəssir olduqca vətəndəki məktəb arkadaşlarıma məktub yazaraq və bəzən də təəssüratımı onlara daha kəskin anlatmaq üçün qəzələ oxşar, vəzni və qafiyəsi pozuq şeirlər yazırdım”.
 
Əli Nəzmi ailəsini dolandırmaq üçün Buxara və Səmərqəndə gedərək ticarətlə məşğul olurdu. Belə səfərlərdən biri də 1904-cü ildə Tiflisə oldu. Lakin burada o yalnız ticarətə maraqlanmadı. Həm də yenicə çap olunan “Şərqi-rus”un redaksiyasına gəlir və M.Şahtaxtinski ilə tanış olur. Bu tanışlıqdan sonra qəzetdə ara-sıra şeir və məqalələri ilə çap olunur. Növbəti gəlişlərindən birində elə həmin redaksiyada Mirzə Cəlil və Ə.F.Nemanzadə ilə tanışlığı sonralar möhkəm dostluğa çevrilir.
 
O, “Molla Nəsrəddin”də ilk dəfə 1906-cı ildə “Əlidəyənəkli” imzası ilə kiçik bir məktubla (bəzi tədqiqatçılar bunu felyeton da adlandırırlar) başlayır. Ə.Nəzminin jurnala gəlişini Mirzə Cəlil sonralar xatirələrində belə yazırdı: “O vaxt biz məcmuəmizin 12-ci nömrəsində “Quli-biyabani” sərlövhəli bir məqalə ilə varlılarımıza tənəli bir xitab dərc etdik. Ta ki, ondan bir neçə vaxt sonra Sabirin “Təmeyi-nahar”ı bizim səsimizə səs verdi. Burada Məşədi Sijimqulu Kefsiz də meydana çıxdı və “pənah Allaha”,-deyib, Sabirin “Təmeti-nahar”ına cavab olaraq “Çayda çapan qardaşım, ağlama, ağları gör” mətləli şeirini göndərdi”.
Lakin Ə.Nəzmi “Molla Nəsrəddin”də ilk olaraq bir neçə mollanəsrəddinçidən fərqli olaraq nə şeir, nə də felyeton ilə çıxış edib. Onun ilk çıxışları məktubları olur. Beləliklə, jurnalla yaxınlıq edən gənc onun məqsədini, məramını daha yaxından başa düşməyə başlayır və sonralar nəinki jurnalın daimi yazarına çevrilir, hətta Mirzə Cəlil onu dahi Sabirlə müqayisə edərək deyirdi: “Molla Nəsrəddin”ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan- birinci,Məşədi Sijimuqulu Kefsiz olubdu”.
 
Mirzə Cəlilin bu fikrini sonralar ədəbiyyatşünas alim Mir Cəlal təsdiq edərək yazırdı ki: “İmza atmasa, bəzən Əli Nəzminin şeirlərini biri-birindən ayırmaq çox çətindir”. Digər tədqiqatçıların fikrincə də, M.Ə.Sabirin vəfatından sonra istər “Molla Nəsrəddin”də, istərsə də “Məzəli”, “Tuti”, “Zənbur”, “Babayi-Əmir” və s. kimi satirik jurnallarda, əsasən, “Şəmşirək”, “Şəmşir”, “Sijimuqulu”, “Kefsiz”, “Məşədi Sijimuqulu”, “Sərsəri”, “Şallax” imzaları ilə ən yaxşı şeirləri yazan Əli Nəzmi olmuşdur. Bunlarla yanaşı, Əli Nəzmi “Məlumat”, “Tərəqqi”, “Yeni irşad”, “Günəş”, “Qardaş köməyi” kimi qəzet və jurnallarla da əməkdaşlıq etmişdir. Bu mətbu orqanlarındakı çıxışı bir daha sübut edir ki, Ə.Nəzmi təkcə satirik şeirlər deyil, eyni zamanda nəsrlə də maraqlanmış, publisistik məqalələr və felyetonlar da yazmışdır.
 
1914-cü ildə Əli Nəzmi “Məzəli” satirik jurnalının redaktoru Haşım bəy Vəzirovdan bir məktub alır. Redaktor onu jurnalla əməkdaşlıq etməyə dəvət edirdi. Əli Nəzmi bu dəvəti qəbul edərək “Məzəli” ilə də əməkdaşlığa başlayır. Buradakı ilk “Pul” adlı satirası ictimaiyyət arasında böyük rəğbətlə qarşılanır. Bunu Haşım bəy də qiymətləndirərək şairi 20 manat pulla mükafatlandırır. Tədqiqatçı alim Firidun Hüseynovun yazdığına görə, “bu, on ildən bəri qəzet və jurnallarda yüzlərlə əsəri çap olunan şairin aldığı birinci zəhmət haqqı olur”.
“Molla Nəsrəddin” başda olmaqla onun təsiri ilə çıxan satirik jurnalların gözdən keçirərkən belə bir maraqlı faktla rastlaşdım ki, Sabir ədəb məktəbi, əsasən də 1906–1916-cı illər arasındakı on il müddətində ən yüksək mərhələsini yaşayırdı və bu məktəbin ən istedadlı davamçıları yetişməkdə idi. Sabir kimi nəhəng bir sənətkarla ünsiyyətdə olmaq, ondan öyrənmək, bəhrələnmək bu məktəbin davamçılarının tale qismətinə düşən bir xoşbəxtlik idi ki, Əli Nəzmiya da qismət olmuşdu.
Jurnalın və özünün yaradıcılığının ən məhsuldar dövründə, yəni 1916-cı ildə Ə.Nəzmi Gəncə şəhərinə köçür. Tədqiqatçı alim Qulam Məmmədlinin yazdığına görə 1916-cı ildə Mirzə Cəlil Əli Nəzmiyə məktub yazaraq onu Tiflisə dəvət edir. Ə.Nəzmi isə yeddi nəfərdən ibarət bir ailə ilə Tiflisdə dolana bilməyəcəyini nəzərə alaraq getmir və Mirzə Cəlildən üzr istəyir.
1920-21-ci illərdə Gəncədə müəllimlər kursunda oxumaqla yanaşı, müəllimlik edən Ə.Nəzmi ara-sıra mətbuatda da çap olunurdu. 1922-ci ildə “Molla Nəsrəddin”in Bakıda çap olunan dördüncü sayındakı kiçik bir elan onun diqqətini cəlb edir. “Kefsizə. Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz Kefsizi (Məşədi Sijimuqlunu). Harada olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez vəqtdə öz lətafətli şeirləri ilə məcmuəmizi zinətləndirəcəkdir”.
Beləliklə, yenidən Ə.Nəzminin imzası “Molla Nəsrəddin”də tez-tez görünməyə başlayır. Bu zaman Gəncədə yaşayan Əli Nəzmi həm də “Yeni Gəncə” qəzetində çalışırdı. 1926-cı ildə qəzet bağlanır. İşsiz qalan Ə.Nəzmi üz tutur Bakıya. Burada bir neçə qəzet və jurnallarla əməkdaşlıq edən Ə.Nəzmi yenidən onun üçün çox doğma olan “Molla Nəsrəddin”ə qayıdır və jurnal bağlanana qədər burada katiblik edir. Ə.Nəzmi yenidən “Molla Nəsrəddin”ə qayıtdıqdan sonra “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Bu günkü ədəbiyyatımız haqqında” ilk məqaləsini də özünə ustad sandığı Mirzə Cəlil yaradıcılığına həsr edir. 1927-ci ildə Ə.Nəzmi “Sijimuqlunamə” adlı “Azərnəşr”də çap etdirdiyi əsərini də ustadının xeyir-duası ilə (əsərə Mirzə Cəlil müqəddimə yazıb) oxucularının ixtiyarına verir.

 

Sovet dövründə “Kommunist”, “Yeni yol”, “Kəndli qəzeti” mətbu orqanlarında çalışan şair bir neçə kitabını da çap etdirə bilir. Ömrünün son illərində isə “Molla Nəsrəddin” jurnalının nəşri tarixi ilə bağlı öz həyatı və müasirləri haqqında maraqlı məlumatlar verən irihəcmli xatirələrini yazır. “Keçmiş günlər” adlı bu mənzum xatirə “XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin bəzi məsələlərini öyrənmək üçün də qiymətli mənbələrdən biridir”.
Ömrünün sonuna kimi qələmi yerə qoymayan Əli Nəzminin 1946-cı il yanvarın 1-də “Kommunist” qəzetində “Aradan çıxanların bazarı” adlı beynəlxalq mövzuda bir satirası çap olunur. Səhəri gün yanvarın 2-də qəflətən vəfat edir. Məslək və amal dostları olan mollanəsrəddinçilər kimi o da Azərbaycan mətbuatı, ədəbiyyatı tarixində silinməz bir iz qoyub getməklə həmişəyaşar zirvəyə ucaldı.
 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#əli nəzmi #mollanəsrəddinçi #publisistika #mətbuat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər