" Bəzən müharibələr də problemi həll etmir və növbəti problemə yol açır " - ŞƏRH
"Bu, dünya müsəlmanlarına qarşı müharibədir. Xameneinin öldürülməsi İsrail və ABŞ-dən dünya müsəlmanlarına qarşı müharibə elanıdır”, - deyə Pezeşkiyan bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a bildirib ki, sözsüz ki, müharibə arzuolunmazdır:
“Lakin müəyyən siyasi anlaşmazlıqlar bəzən savaşları qaçılmaz edir. Ancaq bəzən müharibələr də problemi həll etmir və növbəti problemə yol açır. Bu müharibə də gərək əlavə problemlərə yol açmasın. Yaxın Şərqdə məlumdur ki, İranın proksi qüvvələri var və eyni zamanda müəyyən təsir dairəsi mövcuddur. İranın daxili işləri ilə bağlı xalqın narazılığı, etirazlardan doğan hadisələr, yaxud Tehran və Vaşinqton arasındakı nüvə proqramı üzrə anlaşmazlıqlar səbəbilə ortaya çıxan savaşda kənar güclərin müdaxiləsi ehtimalı azdır. Lakin Qəzza mövzusu ilə bağlı müəyyən həssaslıqlar var ki, bu problem bütün müsəlmanları narahat edir. Yaxın Şərqdə bloklaşmaların yaranması ehtimalı da azdır. Çünki bir sıra ərəb ölkələri yeni problem yaratmaqda yox, mövcud problemlərin həllində maraqlıdırlar. Beynəlxalq hüququn ümumiyyətlə dünyada baş verən son hadisələrə münasibətdə işlək olmadığı, təsirsiz qaldığı müşahidə olunur. Hesab edirəm ki, bu müharibə çox uzun çəkməyəcək. Region ölkələri üçün ciddi narahatlıq yaranmadan müvafiq həll yolunun tapılacağını güman edirəm. Müharibənin hələ təzə başladığı və proseslərin hər an fərqli məcraya istiqamət alma ehtimalının yüksək olduğu bir anda balansın hansı istiqamətdə dəyişəcəyi məlum deyil. Regionda qeyri-sabitlik və müharibə narahatlıq yaradır, eyni zamanda təhlükəsizlik baxımından da arzuolunmazdır. Proseslər davam etdiyi sürəcdə nəticələri tam müəyyən etmək və qiymətləndirmək o qədər də mümkün olmur”.
Aysel Mirzəyeva
