00:00:00
Yazar
Asiman Vəliyeva
09.03.2026 21:14 21 2 dəq oxuma
Siyasət

Bahar Muradova BMT-də Türk Dövlətləri Təşkilatı adından çıxış edib

Bahar Muradova BMT-də Türk Dövlətləri Təşkilatı adından çıxış edib

Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının (CSW70) sessiyasının ümumi müzakirələri çərçivəsində Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, o bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr-Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan əsas insan hüquqlarına, insan ləyaqətinə, həmçinin qadın və kişilərin bərabər hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər. Qeyd olunub ki, bu prinsiplər BMT nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır.

 

B.Muradova çıxışında vurğulayıb ki, təşkilata üzv ölkələr qadın və qızların hüquqlarının tam təmin olunması istiqamətində öhdəliklərinə sadiqdir və bu baxımdan "Pekin Bəyannaməsi və Fəaliyyət Platforması" sənədinin məqsəd və hədəflərini dəstəkləyir. Onun sözlərinə görə, qadın və qızların hüquqları bütün insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir.

Sessiyanın əsas mövzusu olan qadın və qızların ədalətə çıxış imkanlarının genişləndirilməsi məsələsinə toxunan komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən tədbirlər qadınların hüquqlarının tam reallaşdırılması, onların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin bu sahədə əldə olunan irəliləyiş Davamlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə də töhfə verir.

Çıxışda ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolu xüsusi qeyd olunub. Bildirilib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sənədinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin edilməsində mühüm rol oynayır.

B.Muradova həmçinin qadın və qızların sosial-iqtisadi inkişafda bərabər iştirakını təmin etmək üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Erkən və məcburi nikahlar, təhsil və məşğulluq imkanları, eləcə də xüsusilə kənd yerlərində yaşayan qadın və qızların reproduktiv sağlamlıq xidmətlərinə çıxışındakı maneələrin aradan qaldırılmasının əhəmiyyəti qeyd olunub.

Sonda komitə sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldıqları vurğulanıb. Bildirilib ki, bu yanaşma təşkilatın 2021-ci ildə qəbul edilmiş Türk Dünyası Vizyonu – 2040 sənədində də öz əksini tapıb.

#təşkilatı #adından #yeni #dövlətləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər