Bakı Dövlət Universitetində beynəlxalq imic mövzusunda elmi seminar keçirildi
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Azərbaycan Respublikasının beynəlxalq imicinin formalaşmasında medianın rolu” mövzusunda elmi seminar keçirildi. Seminarı Beynəlxaq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Aytəkin Zeynalova apardı.
Seminar zamanı tədqiqatın əsas istiqamətləri haqqında geniş məlumat verildi. Bildirildi ki, tədqiqatın başlıca məqsədi Azərbaycanın beynəlxalq informasiya-kommunikasiya mühitində imicinin formalaşmasını və bu prosesin effektivliyinə təsir edən amilləri elmi əsaslarla təhlil etdi.
Çıxışda qeyd edildi ki, tədqiqat çərçivəsində “yumşaq güc”, “ictimai diplomatiya”, “rəqəmsal diplomatiya” və “millət brendinqi” kimi anlayışların Azərbaycan nümunəsində tətbiqi araşdırıldı. Bu yanaşmaların ölkənin xarici siyasəti və beynəlxalq reputasiya strategiyaları ilə əlaqəsi təhlil edildi.
Həmçinin vurğulandı ki, tədqiqatın məqsədlərindən biri rəqəmsal medianın rolu kontekstində Azərbaycanın qlobal informasiya sisteminə inteqrasiya səviyyəsini müəyyənləşdirdi. Bildirildi ki, informasiya təhlükəsizliyi təşəbbüslərinin ölkə imicinə təsiri və post-münaqişə dövründə kommunikasiya strategiyalarının informasiya müharibəsi aləti kimi effektivliyi də araşdırıldı.
Sonda seminar iştirakçıları ilə müzakirə aparıldı və suallar cavablandırıldı.
Elmira Ağayeva
