00:00:00
Yazar
Admin User
14.11.2025 17:56 131 2 dəq oxuma
Siyasət

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının işi davam edir

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının işi davam edir

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan və digərlərinin Azərbaycan ərazisində törətdikləri müharibə və sülh əleyhinə cinayətlər üzrə məhkəməsi davam edib. Prokurorlar onlara ömürlük və 16–20 il həbs cəzası təklif ediblər. Növbəti iclas 27 noyabr 2025-də keçiriləcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,Bakıda gedən erməni separatçıları ilə bağlı məhkəmə prosesi zamanı bir sıra tarixi əhəmiyyətli faktlar üzə çıxıb:

 

"Məhkəmə istintaqı sübut edib ki, həmin şəxslər 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda ağır cinayətlər törədiblər. Bu faktlar təkcə hüquqi baxımdan deyil, həm də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətin tarix qarşısında sübut olunması baxımından olduqca vacibdir.

 

Azərbaycan dövləti bu istintaq materialları əsasında beynəlxalq məhkəmələrdə Ermənistan əleyhinə iddia qaldırmaq üçün hüquqi baza əldə etmiş olur. Təbii ki, bu məhkəmə prosesi təkcə hüquqi deyil, eyni zamanda siyasi-diplomatik planda da ciddi əhəmiyyət daşıyır. Hazırda həm bölgədə, həm də beynəlxalq aləmdə bu cinayətlərin regionda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin yaranmasında əsas rol oynadığı geniş şəkildə qəbul edilir. Separatçıların cinayət əməllərinə görə məsuliyyətə cəlb olunması onların layiqli cəza alması prosesinin başlanğıcıdır. Ermənistanın indiki hakimiyyəti isə, yaxşı haldır ki, Bakıda mühakimə olunan separatçıların məsələsini sülh prosesi ilə birbaşa əlaqələndirmir. Baxmayaraq ki, Ermənistan daxilində bəzi siyasi qüvvələr, xüsusilə müxalifət bu şəxslərin azad olunması ilə bağlı iddialar səsləndirirlər, rəsmi İrəvan daha təmkinli mövqe nümayiş etdirir.

 

Ermənistan hökuməti anlayır ki, separatçıların taleyini sülh prosesi ilə əlaqələndirmək bu prosesin pozulmasına səbəb ola bilər. Əgər Ermənistan bu gün Qarabağdan köçmüş ermənilərin geri qaytarılmasını belə təhlükəli hesab edirsə, o zaman ağır cinayətlər törətmiş şəxslərin müdafiəsini sülh danışıqlarına daşımaq vəziyyəti daha da çətinləşdirə bilər.

 

Azərbaycan tərəfi isə məhkəmə prosesində həm beynəlxalq hüquqa, həm də humanist prinsiplərə uyğun davranaraq bəzi şəxslərə - yaşları 65-i keçmiş üç nəfərə  ömürlük həbs cəzası tələbindən imtina edib. Bu, ciddi bir humanist jest hesab oluna bilər.

 

Digər tərəfdən, törədilən cinayətlərdə əsas məsul şəxslərdən biri, qondarma “Arsax” rejiminin sonuncu “prezidenti” sayılan Arayik Harutyunyan üçün dövlət ittihamçısı artıq məhkəmədə ömürlük həbs cəzası tələb edib".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər