Bakı Təşəbbüs Qrupu beynəlxalq reparasiya layihələrini genişləndirir
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib ki, qurum son bir ildə fəaliyyət istiqamətlərini genişləndirib. BTQ dekolonizasiya və reparasiya məsələləri üzrə beynəlxalq layihələr həyata keçirir və konfranslar təşkil edir. Abbasov qeyd edib ki, Belçikanın keçmiş müstəmləkə siyasəti nəticəsində törədilən cinayətlərə baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də lazımi reaksiya göstərmir. BTQ bu mövzunu beynəlxalq gündəliyə çıxarmağa, Konqo Demokratik Respublikası, Burundi və Ruandaya dəstək verməyə çalışır. Qrup gələcəkdə digər müstəmləkə ölkələrinə də hüquqi və təşkilati yardım göstərməyi planlaşdırır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirb ki, məlum olduğu kimi, Bakı Təşəbbüs Qrupunun son bir ildə fəaliyyət istiqamətlərini daha da genişləndirərək dekolonizasiya və reparasiya məsələlərinə dair beynəlxalq layihələrin həyata keçirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib:
"Qrup bu çərçivədə bir sıra beynəlxalq konfranslar təşkil edir, eləcə də tarixi ədalətin bərpasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Xüsusilə də, Belçikanın Afrika qitəsindəki keçmiş müstəmləkə siyasətinin nəticəsində törədilmiş cinayətlərə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən hələ də adekvat reaksiya göstərilməməsi narahatlıq yaradan əsas məqamdır. BTQ-nin fəaliyyəti bu məsələlərin beynəlxalq gündəliyə çıxarılmasına, eləcə də Konqo Demokratik Respublikası, Burundi və Ruanda kimi ölkələrə mənəvi, hüquqi və təşkilati dəstəyin təmin olunmasına yönəlib. Digər tərəfdən isə BTQ-nin reparasiya və kompensasiya mövzularını beynəlxalq aləmdə gündəmə gətirməsi ilk növbədə post-müstəmləkə dövründə ədalətin bərpasına, qlobal bərabərliyin təşviqinə və siyasi hegemonluğun ifşasına xidmət edir. Bu təşəbbüslərlə Azərbaycan beynəlxalq müstəvidə humanitar və etik məsuliyyət daşıyan dövlət mövqeyini gücləndirir. Həmçinin BTQ-nin fəaliyyəti yalnız tarixi ədalətin bərpasına yönəlmir, həmçinjn qlobal idarəetmə sistemində ədalətliliyin bərpası ideyasını irəli sürür. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı və ədalətli siyasət yürütməsinin göstəricisidir. Eyni zamanda, bu təşəbbüslər “qlobal Cənub” ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Belçikanın keçmiş müstəmləkə siyasəti nəticəsində Afrika qitəsində baş vermiş kütləvi zorakılıq, istismar və mədəni irsin məhv edilməsi faktları beynəlxalq hüquq nöqteyi-nəzərindən ciddi qiymətləndirilməlidir. Ümumiyyətlə, bu məsələyə laqeyd yanaşılması bir sıra mənfi siyasi nəticələrə yol aça bilər. İlk növbədə onu qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyətin bu məsələdki sükutu beynəlxalq hüququn universallığına inamı zəiflədir və selektiv yanaşma təəssüratı yaradır. Bu isə beynəlxalq sistemdə ədalətsizlik və ikili standartlar haqqında narahatlıqları daha da dərinləşdirir. Həmçinin keçmiş müstəmləkə ölkələrinin hüquqlarının müdafiəsiz qalması həmin regionlarda sosial və siyasi qeyri-sabitliyi gücləndirərək radikal meyillərin artmasına şərait yarada bilər. Bu məsələyə biganə münasibət Avropa dövlətlərinin “demokratiya və insan haqları” prinsipləri üzərində qurulan beynəlxalq nüfuzuna mənfi təsir göstərir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, BTQ-nin səsləndirdiyi çağırışlar yalnız humanitar deyil, həm də qlobal siyasi balansın qorunmasına yönəlmiş təşəbbüs kimi dəyərləndirilə bilər.
Nəticə etibarilə, Bakı Təşəbbüs Qrupunun dekolonizasiya və reparasiya istiqamətində genişləndirdiyi fəaliyyət yalnız tarixi ədalətin bərpasına yönəlmiş təşəbbüs deyil, eləcə də beynəlxalq münasibətlərdə ədalət, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yeni siyasi mədəniyyətin təşviqidir. Azərbaycan bu istiqamətdə atdığı addımlarla qlobal miqyasda ədalətə, beynəlxalq hüququn təmin olunmasına və müstəmləkə irsindən irəli gələn ədalətsizliklərin aradan qaldırılmasına töhfə verir".
Aişə Mustafayeva
