00:00:00
Yazar
Admin User
08.08.2025 16:39 268 3 dəq oxuma
Siyasət

Bakı və İrəvan arasında sülh sazişi…

Bakı və İrəvan arasında sülh sazişi…

 

ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq.

 

Onun sözlərinə görə, ABŞ prezidenti sülhə sadiqdir və sülhün prezidenti olmaqda qərarlıdır:

 

"Biz Hindistan və Pakistan müharibəyə başladıqda birbaşa müdaxilə etdik və dövlət başçısı sülhü təmin edə bildi. Bu yaxınlarda Kamboca və Tailandda bənzər hadisə yaşandı. Biz ümid edirik ki, Azərbaycan və Ermənistanla bağlı da buna nail olacağıq. Bu həftənin cümə günü razılaşma imzalamaq və onu sülh sazişinin başlanğıcı etmək üçün burada olacağıq".

 

Mövzu ilə əlaqədar politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, imzalanacaq sənəd Azərbaycanla Ermənistan arasında yekun sülh sənədinin imzalanması üçün atılacaq addımları ifadə edə bilər:

 

“Bəli, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ-nin vasitəçiliyi ilə sülhə dair sənədin imzalanacağı gözlənilir. Bu, sülh sənədi deyil. Bunu Tramp öz sosial hesabında da qeyd edib ki, sülh haqqında sazişdir. Yəni bu, sülh müqaviləsi sənədinin paraflanması kimi də qəbul oluna bilər. Bu o deməkdir ki, tərəflər sülh mətni ilə razıdırlar və o  dəyişməyəcəkdir. Eyni zamanda, imzalanacaq sənəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və yekun sülh sənədinin imzalanması üçün atılacaq addımları da ifadə edə bilər və bu da çox önəmlidir. Regionda sülh gündəliyini Azərbaycan başladıb və bu gün hansısa bir sənəd imzalanırsa, bu, Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin iradəsinin göstəricisidir. Mən hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülhü Donald Trampın birbaşa adına bağlamaq doğru olmaz. Xüsusi vurğulamaq lazımdır ki, sülh gündəliyinin müəllifi Azərbaycan ordusudur, Azərbaycan prezidentidir.Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda sülhdən çox danışmırdılar. Heç torpaqların Ermənistanın işğalından azad olunması istiqamətində də iradə nümayiş etdirmirdilər. Biz bunları unutmamalıyıq. Yəni bunu qeyd edib, xatırlatmaqda məqsədim ondan ibarətdir ki, sülh üçün real şərtləri, real zəmini məhz Azərbaycan dövləti formalaşdırıbdır. Sülh üçün bütün imkanların olduğu bir şəraitdə, sözsüz ki, burada sülhü əldə etmək də rahatdır. Bu da, xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan prezidentinin iradəsi sayəsində, Azərbaycan ordusunun gücü sayəsində mümkün oldu. Biz yeni reallıqlar formalaşdırdıq. Ona qədər isə bizə deyirdilər ki, siz mövcud reallıqlarla barışmalısınız. Yəni bunu Qərb dairələri qeyd edirdilər. Reallıq da ondan ibarət idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və bizə tövsiyə edirdilər ki, biz bu reallıqla barışmalıyıq. Amma biz, sözsüz ki, torpağımızın bir qarşığından da imtina etmədik. Biz öz torpaqlarımızı işğaldan azad etdik və ədaləti bərpa etdik. Yeni reallıq formalaşdırdıq. Ona görə də, bu gün, hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülhü şərtləndirən də Azərbaycanın formalaşdırmış olduğu güc mövqeyidir və yaratmış olduğu yeni geosiyasi reallıqlardır”.

 

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün imkanları da elə Azərbaycan prezidenti və Azərbaycan ordusu yaradıb:

 

“O ki qaldı digər təcrübələrə, yəni Hindistanla Pakistan arasında, Kamboca ilə Tayland arasında münaqişə vəziyyətlərinə, burada da məsələyə daha düzgün yanaşmaq lazımdır. Bu gün birbaşa qarşıdurmanın əlamətləri yoxdur. Amma tərəflər arasında münaqişə qalmaqdadır. Bu da münaqişənin həlli demək deyil. Yəni, ola bilsin ki, sadəcə olaraq tərəflərin birbaşa qarşıdurma vəziyyətində bir fasilə mövcuddur. Bunu nəzəri yanaşmış olsaq, münaqişənin idarə olunması da adlandırmaq olar. Amma həll deyil. Real Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün imkanlar mövcuddur və bu imkanları da bir daha qeyd edim ki, Azərbaycan Prezidenti və Azərbaycan ordusu formalaşdırıbdır. Onu da qeyd edim ki, sözsüz ki, imzalanacaq sənəd olduqca əhəmiyyətli olacaq. Çünki bu, Azərbaycanın iradəsinin rəsmi olaraq Ermənistan tərəfindən və ABŞ tərəfindən qəbul olunduğunu göstərəcək. Azərbaycanın yekun sülh sənədini imzalamaq üçün iki vacib şərti var idi. ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması və Ermənistan konstitusiyasında dəyişikliyin edilməsi. Sülh haqqında imzalanacaq sənəddə Ermənistan bununla bağlı, çox güman ki, öz üzərinə öhdəlik götürmüş olacaq. Hesab edirəm ki, bu da Azərbaycanın növbəti tarixi zəfəri olacaq”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər