Bakı və İrəvan sülh razılaşması imzalayacaq
Ağ Ev sözçüsü Anna Kelli bildirib ki, Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq.“Bu sadəcə Ermənistanla bağlı deyil. Bu sadəcə Azərbaycanla da bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar bilirlər ki,region prezident Trampla daha rifahlı və təhlükəsizdir”, - Ağ Evin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Tramp həm Azərbaycan, həm də Ermənistan liderləri ilə enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrində razılaşmalar imzalayacaq.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, bu, Trampın xarakteri ilə birbaşa bağlıdır:
“Düşünürəm ki, bu məsələ birbaşa Trampın xarakteri ilə bağlıdır. O, gündəmdə qalmağı sevən bir siyasətçidir. Tramp Nobel mükafatı qazanmaq istəyir. Ukrayna-Rusiya və Fələstin-İsrail münaqişələrində istədiyi nəticəni əldə edə bilmədi. İndi isə Azərbaycan-Ermənistan məsələsində sülh müqaviləsinə imza atdırmaqla, otuz illik münaqişənin öz iştirakı ilə həll olunmasını təmin edib, həm Nobel mükafatına namizəd olmaq, həm də tarixdə bu şəkildə qalmaq istəyir. Təbii ki, bu prosesdə ABŞ dövlətinin də öz maraqları var. Məsələn, dəhlizin işlədilməsi üçün Amerika şirkətlərinin cəlb olunması və s. Bir növ müsbət nəticələr də ola bilər - Rusiyanın təsirinin zəifləməsi, İranın gözü qarşısında Amerika şirkətinin olması İsrailin kəşfiyyat imkanlarını artıracaq. Bu müsbətlər də var. Amma nəzərə almaq lazımdır ki, ABŞ-də hakimiyyət dəyişkəndir. Ona görə də,biz indidən böyük bayram əhvalına girməməliyik. Mənim fikrimcə, Azərbaycan Zəngəzur dəhlizi məsələsinə də tələsməməli, Ermənistanın 29 min kvadrat kilometr ərazisini tanımaq kimi addımlara razılıq verməməlidir. Əksinə, tarixi torpaqlarımız üzərində nəzarət imkanlarını artırmaq üçün məqam axtarmalıdır. Sülh müqaviləsi imzalanmadan əvvəl Ermənistan Konstitusiyası dəyişməli, gerblərindəki Ağrı dağı çıxarılmalı və Azərbaycanla Türkiyəyə qarşı bütün ərazi iddialarından rəsmi şəkildə imtina olunmalıdır. Yalnız bundan sonra dayanıqlı sülh sazişindən danışmaq olar”.
Lalə Qurbanlı