00:00:00
Yazar
Admin User
18.11.2025 17:14 88 2 dəq oxuma
Siyasət

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzləri Forumuna start verilib

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzləri Forumuna start verilib

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir.

 

Tədbir çərçivəsində “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafında müsbət tendensi­yanı müşahidə olunur:

 

"Bu Beyin Mərkəzlərinin toplantısında da bir sıra vacib məsələlərin müzakirə olunacağı gözlənilir. Xüsusilə də son vaxtlar ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin hazırlanması və imzalanması ilə bağlı proses gündəmdədir. Məhz həmin sənədin hazırlanması bu görüşdə əsas mövzulardan birini təşkil edəcək. Xatırladaq ki, bu ilin avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərdə həm Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması, həm də Zəngəzur dəhlizinin açılması kimi məsələlər müzakirə olunub. Eləcə də Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin hazırlanması barədə qərar qəbul edilmiş, bu məqsədlə xüsusi komissiyanın yaradılması barədə razılıq əldə olunub. Yəqin ki, beyin mərkəzlərinin bu forumunda da həmin istiqamətdə müzakirələr aparılacaq və strateji tərəfdaşlıq sənədinin hazırlanmasına töhfə veriləcək. Ümumilikdə deyə bilərik ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə doğru irəliləyir. Tərəfdaşlığın dərinləşməsi və ABŞ-nin bölgədə rolunun artması gələcək əməkdaşlığımızın əsas konturlarını formalaşdırır".

 

Ekspert həmçinin bunu da qeyd edib ki, Orta Dəhliz məsələsinə gəldikdə isə, bu yolun işə düşməsi və Zəngəzur dəhlizinin açılması regionun geosiyasi mənzərəsini ciddi şəkildə dəyişəcək:

 

"Bu həm də ABŞ-nin bölgədə təsir imkanlarını artırır və digər maraqlı dövlətlərin neqativ yönlü fəaliyyətlərinin qarşısını müəyyən qədər alır. Hesab edirəm ki, bu beyin mərkəzlərinin təşkil etdiyi forum müsbət nəticələr verəcək. Nəticə etibarilə ABŞ-Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın dərinləşməsi, dostluq münasibətlərinin möhkəmlənməsi və regionun təhlükəsizliyində ABŞ-nin rolunun artması kimi məsələlər burada müzakirə olunacaq. Ən vacib məqamlardan biri isə ABŞ-Azərbaycan strateji tərəfdaşlığına dair sənədin hazırlanması prosesinin sürətləndirilməsidir. Yəqin ki, bu müzakirələrdə sənədin əsas tezisləri detallı şəkildə nəzərdən keçiriləcək və bu istiqamətdə müəyyən müsbət addımlar atılacaq".


Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər