00:00:00
Yazar
Admin User
01.12.2025 19:15 122 2 dəq oxuma
Siyasət

Bakıda Azərbaycan–İordaniya Komissiyasının IV iclası keçirilib

Bakıda Azərbaycan–İordaniya Komissiyasının IV iclası keçirilib

Bakıda Azərbaycan və İordaniya arasında Hökumətlərarası Komissiyanın IV iclası işinə başlayıb. Görüşdə tərəflər ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin icrası, nəqliyyat-logistika sahəsində əməkdaşlıq və iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhələyə keçirilməsi məsələlərini müzakirə edirlər.

 

Mövzu ilə bağlı professor, elmlər doktoru Rüfət Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan getdikcə daha geniş siyasi və iqtisadi coğrafiyada tərəfdaşlıq münasibətləri qurur və bu, təkcə regionun deyil, qlobal əməkdaşlıq xəttinin də bir parçasına çevrilib:

 

“İordaniya ilə keçirilən komissiya iclası təsadüfi deyil bu, Azərbaycanın xarici siyasətinin çoxvektorlu olduğunu və müxtəlif istiqamətlərdə paralel əməkdaşlıq platformaları yaratdığını bir daha göstərir. Azərbaycan son illərdə istər enerji, istər nəqliyyat, istərsə də ticarət sektorunda böyük layihələrə imza atdığı üçün bir çox dövlətlər ölkəmizlə əməkdaşlığı strateji baxımdan önəmli hesab edir. Azərbaycanın həm siyasi sabitliyi, həm də etibarlı iqtisadi mühiti xarici tərəfdaşların marağını daha da artırır və bu baxımdan İordaniya ilə münasibətlərin genişləndirilməsi tam məntiqli və vaxtında atılmış addımdır. İki ölkə arasında əməkdaşlıq illərdir formalaşıb və bu əlaqələr yalnız iqtisadi çərçivə ilə məhdudlaşmır mədəniyyət, turizm, təhsil və humanitar sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycan vətəndaşlarının İordaniyaya marağı uzun illərdir mövcuddur və bu əlaqələr xalqlar arasında qarşılıqlı simpatiyanın yaranmasına səbəb olub. Bu gün keçirilən komissiya iclası isə həmin münasibətləri daha rəsmi səviyyədə möhkəmləndirmək məqsədi daşıyır”.

 

Həmçinin professor qeyd edib ki, Azərbaycanın Asiya ilə Avropa arasında əlverişli coğrafi mövqeyi, eləcə də ölkədə sürətlə inkişaf edən logistika infrastrukturu İordaniya üçün yeni ticarət və tranzit imkanları açır:

 

“Xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər dəhlizi və liman infrastrukturunun güclənməsi İordaniya kimi ərəb ölkələri üçün böyük üstünlüklər yaradır. Bu əməkdaşlıq həm Azərbaycan iqtisadiyyatı üçün əlavə dividendlər gətirəcək, həm də İordaniyanın bölgəyə çıxışını genişləndirəcək. Azərbaycanın bu tip görüşlərdə əsas məqsədi ticarət dövriyyəsini artırmaqla yanaşı, qarşılıqlı investisiyaları stimullaşdırmaqdır. İordaniya sərmayədarları üçün Azərbaycanda kənd təsərrüfatı, qida sənayesi, turizm və xidmət sferasında geniş imkanlar var. Eyni zamanda Azərbaycan şirkətləri də İordaniyada bir sıra layihələrdə iştirak edə bilər. IV iclas yalnız mövcud əməkdaşlığın müzakirəsi deyil, həm də gələcək illərdə həyata keçiriləcək yeni iqtisadi platformaların formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Bu cür görüşlər həm siyasi yaxınlığı möhkəmləndirir, həm də iqtisadi tərəfdaşlığı praktiki müstəviyə keçirir. Azərbaycan üçün hər bir belə əməkdaşlıq yeni imkan, regiondakı mövqeyimizi daha da gücləndirən bir addımdır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər