Bakıda Azərbaycan-Qırğız komissiyasının iclası keçiriləcək
Bakıda Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Prezident İlham Əliyev bildirib ki, iclasın geniş gündəliyi iki ölkə arasındakı sıx əməkdaşlığın göstəricisidir. O, son illərdə münasibətlərin yüksək səviyyəli səfərlər sayəsində sürətlə inkişaf etdiyini vurğulayıb.
Mövzu ilə bağlı milli məclisin deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq prinsiplərinə söykənir:
“Belə ki, 2022-ci il aprelin 20-də Bakı şəhərində Azərbaycan Respublikası və Qırğız Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəd əməkdaşlığın hərtərəfli inkişafı və imkanların müəyyən olunması baxımından mühüm əhəmiyyətə malik olub. Ümumiyyətlə, bu sənəd Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsində daha da güclənməsinə və məzmunca zənginləşməsinə xidmət edib. Xüsusilə qeyd edilməlidir ki, iki xalq arasında tarixi, mədəni və dini ortaq bağlar bu münasibətlərin əsasını təşkil edir. Bu etimadın formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub, sonrakı mərhələdə Prezident İlham Əliyev bu əlaqələrin inkişafı üçün bütün səylərini səfərbər edib. 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan Türk dünyasının bir parçasıdır və bu coğrafiyada özünü rahat hiss edir. Bu yanaşma Türk dünyası ilə əlaqələrin genişlənməsini və dərinləşməsini ölkənin xarici siyasətində əsas prioritetlərdən birinə çevirib. Qırğızıstanın da Türk Dövlətləri Təşkilatının üzvü olması bu əlaqələrin möhkəmlənməsinə zəmin yaradır. İki ölkə arasında münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilməkdədir. Dövlət başçılarının mütəmadi təmasları və imzalanan sənədlər əlaqələrin inkişafını sürətləndirir. Energetika, rəqəmsal xidmətlər, gömrük sahələrində əməkdaşlıq yolları müəyyən edilmiş, bir çox memorandumlar və qurumlararası sənədlər imzalanıb. Bakı ilə Bişkək arasında ticarət, iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq genişlənməkdədir. Gələcəkdə bu münasibətlərin inkişafı, ticarət evlərinin açılması, səhiyyə və kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ticarət və investisiyaların inkişafı üçün gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlər də müzakirə olunmaqdadır. Energetika sahəsində yaşıl enerjiyə keçid xüsusilə əhəmiyyətlidir. 2024-2025-ci illər üzrə enerji sahəsində yol xəritəsi hazırlanıb. Azərbaycanın neft-qaz sahəsində təcrübəsinin Qırğızıstana ötürülməsi və bu ölkənin enerji layihələrində iştirak payının artırılması istiqamətində işlər gedir. Nəqliyyat sahəsində Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və gələcək Zəngəzur dəhlizi vasitəsilə Qırğızıstan məhsullarının Avropa bazarına çıxarılması mümkündür. Bu, Qırğızıstan üçün də böyük maraq doğurur. Beynəlxalq yük daşımalarında da Qırğızıstanın tranzit potensialı nəzərə alınır. Rəqəmsal transformasiya və elektron xidmətlər sahəsində Azərbaycanın təcrübəsi Qırğızıstan üçün əhəmiyyətlidir. Bu sahədə mövcud memorandumların inkişaf etdirilməsi və təcrübə mübadiləsi üçün ciddi perspektivlər mövcuddur. Təhsil, mədəniyyət, turizm, səhiyyə və digər humanitar sahələrdə də əməkdaşlıq geniş imkanlar yaradır. Bu istiqamətdə aparılacaq danışıqlar və həyata keçiriləcək layihələr üçün hüquqi baza formalaşdırılmaqdadır. Qısa müddətli perspektivdə energetika, rəqəmsal xidmətlər, gömrük və ticarət sahələri üzrə fəaliyyətlər planlaşdırılır. Uzunmüddətli perspektivdə isə nəqliyyat dəhlizləri, regional logistika və investisiya fondlarının inkişafı əsas mövzular olacaqdır. İkitərəfli təmaslar zamanı bu məsələlər üzrə danışıqlar və sənədlərin imzalanması əməkdaşlığın hüquqi çərçivəsini möhkəmləndirəcəkdir”.
Mələk Hüseynova
