00:00:00
Yazar
Admin User
08.12.2025 15:10 127 2 dəq oxuma
Siyasət

Bakıda Azərbaycan–Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

Bakıda Azərbaycan–Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib

Dekabrın 8-də Bakıda Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası baş tutub. İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Qırğızıstan tərəfdən isə Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev rəhbərlik edib.

 

Görüşdə tərəflər iki ölkə arasında siyasi dialoqun inkişafı, 2024–2029-cu illəri əhatə edən əməkdaşlıq proqramının icrası və artan ticarət dövriyyəsinin perspektivlərini müzakirə ediblər. Bildirilib ki, 2025-ci ilin ilk 10 ayında ticarət dövriyyəsi 94 faizdən çox artıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Fuad Abbasov bildirib ki, Azərbaycan-Qırğızıstan arasında əlaqələrin möhkəmləndirilməsi, keçirilən görüşlər sadəcə bir protokol xarakteri daşımır:

 

"Orta Dəhlizin aktivləşməsi fonunda, postsovet məkanında inkişafdan daha çox geri qalmış, müxtəlif inqilablar və siyasi kataklizmalar yaşamış Qırğızıstan üçün bu əməkdaşlıq çox geniş perspektivlər açır. Bu, həm də Qırğızıstanın Orta Dəhlizdə tranzit ölkə kimi rol oynamaması səbəbindən, ölkənin alternativ sahələrdə – logistika, nəqliyyat və digər dövriyyə fəaliyyətlərində aktiv iştirakı baxımından vacibdir.

 

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin 94% artması da ciddi və müsbət göstəricidir. Bundan əlavə, Qırğızıstanın yaşıl enerji dəhlizinə qoşulması da ölkə üçün enerji təhlükəsizliyi baxımından yeni imkanlar yaradır. Bu, həm hidroelektrik potensialının istifadəsi, həm günəş enerjisi kimi alternativ mənbələrin inkişafı, həm də Türk Dövlətlərinin vahid enerji bazarı perspektivində Qırğızıstanın iştirakını nəzərdə tutur.Azərbaycanla Qırğızıstan arasında imzalanacaq müqavilə və anlaşmalar yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi məna daşıyır. Türk dünyası Avropa məkanında yeni güc mərkəzi qurmaq istiqamətindədir və bu prosesin lokomotivi Azərbaycandır. Məhz bu səbəbdən, bu gün aparılan danışıqlar və razılaşmalar gələcəkdə Türk Dövlətlərinin inteqrasiyasına və regional güc balansına təsir edən əsas məqamlar olacaq. Bunu Qırğızıstan rəhbərliyi də anlayır və Moskvanın təsirindən çıxaraq Türk Dövlətləri Təşkilatı çətiri altında toplaşmağa üstünlük verir. Bu da ölkənin iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcəkdir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər