00:00:00
Yazar
Admin User
31.07.2025 14:36 110 2 dəq oxuma
Siyasət

Bakıda İsrail–Suriya təması: Diplomatik etimadın göstəricisi

Bakıda İsrail–Suriya təması: Diplomatik etimadın göstəricisi

İsrail və Suriya rəsmiləri sabah Bakıda danışıqlar aparacaqlar. Tərəflər arasında baş tutacaq görüşün regionda diplomatik dinamikanın yeni mərhələsinə işarə etdiyi bildirilir.

 

 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, bu cür görüşlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və diplomatik etimadın göstəricisidir:

 

"Hazırda ölkəmiz beynəlxalq aləmdə neytral, ədalətli və vasitəçi imici qazanmaqdadır. Bu kontekstdə qarşıdurma vəziyyətində olan dövlətlərin yüksək səviyyəli nümayəndələrinin məhz Azərbaycanda görüşməsi heç də təəccüblü deyil.Azərbaycan artıq bir neçə istiqamətdə bu cür vasitəçilik missiyalarını həyata keçirməyə nail olub. Vaxtilə Türkiyə ilə İsrail arasında kəskin qarşıdurma mövcud olduğu dövrdə rəsmi Bakı bu iki ölkə arasında vasitəçi rolunu üzərinə götürərək münasibətlərin normallaşmasına töhfə verib. Sonrakı mərhələdə bu proses davam etdirilib və Azərbaycan vasitəçilik missiyasını davam etdirərək Bakıda bir neçə yüksək səviyyəli görüşün keçirilməsini təmin edib".

 

Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycanın həm İsraillə strateji tərəfdaşlıq münasibətləri mövcuddur, həm də Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada formalaşan yeni hökumətlə münasibətləri normallaşıb:

 

"Qeyd etmək lazımdır ki, Əsəd rejimi dövründə Azərbaycan-Suriya münasibətləri demək olar ki, tamamilə pozulub. Lakin Suriyanın yeni hökuməti ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan, inkişaf perspektivli münasibətlər formalaşmağa başlayıb. Hətta Azərbaycan Suriyaya strateji əhəmiyyət daşıyan dəstək göstərməkdədir. Belə ki, Azərbaycan təbii qazının Türkiyə üzərindən Suriyaya ixracı təmin olunur və bu addım Suriyanın elektrik enerjisi ilə təminatında mühüm rol oynaya bilər. Azərbaycanın həm İsraillə, həm də Suriyayla qarşılıqlı və yaxın münasibətlərə malik olması, ölkəmizə bu iki dövlət arasında vasitəçilik missiyasını həyata keçirmək üçün əlverişli imkanlar yaradır. Bütün bunlar göstərir ki, rəsmi Bakının həyata keçirdiyi diplomatiya artıq kifayət qədər yüksək bir səviyyəyə çatıb. Azərbaycan bu mərhələdə dünyanın ən sülhpərvər və barışdırıcı dövlətləri sırasında yer almaqdadır. Bir çox Qərb dövlətlərinin bacarmadığı diplomatik missiyaları Azərbaycan uğurla öz üzərinə götürərək həyata keçirməkdədir".

 

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər