00:00:00
Yazar
Zəhra Həsənova
25.06.2026 20:08 17 2 dəq oxuma
İdman

Bakıda keçiriləcək bilyard üzrə Avropa çempionatı: Hazırlıqlar, iştirakçılar və gözləntilər

Bakıda keçiriləcək bilyard üzrə Avropa çempionatı: Hazırlıqlar, iştirakçılar və gözləntilər

Bakıda bilyardın “sərbəst piramida” növü üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 10-dan çox ölkədən 100-dən artıq idmançının iştirakı gözlənilir. Turnir Bakı Olimpiya İdman Kompleksində baş tutacaq və proqram çərçivəsində həm 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku, həm də əsas Avropa çempionatı təşkil olunacaq.


Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, turnirin ölkəmizdə təşkili və xüsusilə də orada çoxsaylı idmançılarla təmsil olunmağımız bilyardın yerli səviyyədə populyarlığını daha da artıracaq:


"Bilyard Azərbaycanda həmişə sevilən idman növü olub. Bizim müxtəlif vaxtlarda nüfuzlu yarışlarda iştirak edib, uğurlu nəticələr qazanan tanınmış bilyardçılarımız var. Sadəcə olaraq, bu idman növünün kütləviliyi əsasən 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərinə təsadüf edir. Sonradan bilyardımız bir müddət sanki kölgəyə çəkilmişdi. Amma son illərdə bu sahədə ciddi irəliləyişlər və canlanma müşahidə olunur.
​Hesab edirəm ki, Avropa çempionatının Bakıda keçirilməsi çox uğurlu bir addımdır və böyük təkan rolunu oynayacaq. Çünki Azərbaycanda bilyardı sevirlər və oynayırlar. Kifayət qədər populyar stolüstü idman növüdür. Turnirin ölkəmizdə təşkili və xüsusilə də orada çoxsaylı idmançılarla təmsil olunmağımız bilyardın yerli səviyyədə populyarlığını daha da artıracaq.
​Biz bilyard oynamağı bacarırıq. Ümumiyyətlə, Azərbaycan idman ölkəsidir. İstər fərdi, istər komanda, istərsə də stolüstü idman növlərində həmişə fərqlənən ölkələrdən olmuşuq. Bilyardın belə bir mötəbər turnirlə yenidən Azərbaycana qaydışı təqdirəlayiqdir. Bu yarış sayəsində idmançılarımızın böyük turnirlərdə daha rahat çıxış etməsini təmin edəcəyik. Doğma divarlar arasında yarışmaq onlara əlavə təcrübə və böyük stimul verəcək. Öz vətənində qalib gəlmək istəyi idmançılarımızı daha da həvəsləndirəcək və qazanılacaq uğurlu nəticələr gələcək üçün gözəl motivasiya olacaq".


Samirə Allahverdizadə

#keçiriləcək #çempionatı: #iştirakçılar #gözləntilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər