00:00:00
Yazar
Admin User
05.12.2025 19:49 146 3 dəq oxuma
Siyasət

Bakıda Qərbi Azərbaycanla bağlı III Beynəlxalq Konfrans keçirilir

Bakıda Qərbi Azərbaycanla bağlı III Beynəlxalq Konfrans keçirilir

Bu gün Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans öz işinə başlayıb.

 

Konfransda 60-dan çox ölkədən 100-dən artıq qonaq iştirak edir. Panel müzakirələrində maddi və qeyri-maddi mədəni irsin qorunması, qayıdışın hüquqi əsasları, eləcə də qlobal əməkdaşlıq imkanları nəzərdən keçirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Fuad Abbasov bildirib ki, əlbəttə ki, uzun illər ərzində Azərbaycanın tarixi həqiqətləri dünya ictimaiyyətindən gizlədilib:

 

"Qarşı tərəfin, xüsusilə erməni lobbi dairələrinin məqsədyönlü fəaliyyəti nəticəsində elə bir təəssürat yaradılıb ki, guya münaqişənin zərərçəkəni Ermənistan olub, ermənilər öz yurdlarından qaçqın düşüblər və onların əraziləri işğal olunub. Halbuki real vəziyyət tam əksinə idi. Təəssüf ki, Azərbaycan uzun müddət bu məsələdə kifayət qədər güclü informasiya siyasəti aparmamış, beynəlxalq səviyyədə bu təhrif olunmuş təəssüratlara qarşı lazımi şəkildə çıxış edə bilməmişdi. Ancaq dövlətin daxili imkanları hesabına həm Qərbi Azərbaycandan, həm də digər bölgələrdən olan məcburi köçkünlərin problemləri müəyyən qədər həll olunmağa çalışılıb.

 

Lakin Vətən Müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra bölgədə tamamilə yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda Azərbaycanın haqq səsini daha güclü və qətiyyətli şəkildə dünyaya çatdırmaq hüququ və borcu yaranıb. Bu baxımdan "Qərbi Azərbaycan Mədəni İrs və Qayıdış Hüququ" adlı beynəlxalq konfrans olduqca əhəmiyyətlidir. 60-dan çox ölkədən 100-dən artıq iştirakçının qatıldığı bu tədbir Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmli platformadır. İştirakçılar arasında media nümayəndələri, politoloqlar və vətəndaş cəmiyyəti üzvləri yer alır ki, onların vasitəsilə bu mesajlar geniş auditoriyalara çatdırılacaq.

 

Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumlarından biri olan UNESCO bu sahədə əsas beynəlxalq mexanizmlərdir. Azərbaycan tərəfi bu qurumlara müraciət edərək, Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin qorunması və sənədləşdirilməsi ilə bağlı işlərin aparılmasını tələb edə bilər. UNESCO-nun “Dünya İrs Siyahısı”, “Təhlükə Altında Olan İrs Siyahısı” və digər mexanizmləri vasitəsilə oradakı abidələrin qeydə alınması və mühafizəsi gündəmə gətirilə bilər.

 

Eyni zamanda, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələləri beynəlxalq müstəvidə diplomatik yollarla gündəmdə saxlamalı, xüsusilə Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda bu istiqamətdə fəaliyyətini gücləndirməlidir. Şübhəsiz ki, bu proses təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi baxımından əhəmiyyətlidir. Sovet İttifaqından miras qalmış etnik köçürmə siyasətləri hələ də öz aktuallığını qoruyur. Bu, Dağıstandan Orta Asiyaya, Gürcüstandan digər bölgələrə, eləcə də Ermənistan ərazisindən azərbaycanlıların müxtəlif ölkələrə köçürülməsi ilə nəticələnmişdi. Bu tarixi ədalətsizliklərin aradan qaldırılması regionda sabitlik və ədalətli sülhün bərqərar olması üçün vacibdir.

 

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı təkcə Azərbaycan xalqı üçün deyil, həm də digər zorla köçürülmüş xalqlar üçün beynəlxalq səviyyədə nümunə və presedent ola bilər. Məsələn, Ahıska türklərinin Gürcüstana, doğma yurdlarına qayıtmaq istəkləri bu kontekstdə xüsusi qeyd olunmalıdır. Azərbaycanlıların qayıdışı bu kimi haqlı tələblərin beynəlxalq ictimaiyyət tərəfindən daha obyektiv qiymətləndirilməsinə zəmin yarada bilər. Mədəni irsin qorunması və bu istiqamətdə əməkdaşlıq təşəbbüsləri regionda etimadın formalaşmasına xidmət edə bilər.

 

Bununla belə, bu məsələdə ehtiyatlı və mərhələli yanaşma zəruridir. Ermənistan ictimaiyyəti azərbaycanlıların geri qayıdışına hələ ki, müsbət yanaşmır. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu qayıdış azərbaycanlıların mənəvi və hüquqi haqqıdır. Bu səbəbdən ilk növbədə Ermənistan hökuməti öz ictimaiyyətini maarifləndirməli, sülhə yönəlmiş ictimai rəyin formalaşması üçün addımlar atmalıdır. Eyni zamanda, bu proses qarşılıqlı şəkildə aparılmalıdır – necə ki, azərbaycanlılar Ermənistana qayıdırsa, Ermənistandan köç etmiş vətəndaşların da Azərbaycana qayıtması gündəmdə ola bilər.

 

Bu cür qarşılıqlı yanaşma həm mədəni, həm də humanitar baxımdan iki xalq arasında uzunmüddətli sülh və qarşılıqlı anlaşmanın əsasını qoya bilər".

 

 Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər