Bakıda turizm
Bakıda turizm sürətlə inkişaf edir. Şəhər həm yerli turistlərin, həm də xarici turistlərin diqqətini cəlbedə bilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə bildirib ki, Bakı paytaxt olmaqla yanaşı, turistlər üçün bir tranzit yer rolunu oynayır:
"Bakı ölkənin paytaxtı olmaqla yanaşı, həmçinin də turizm mərkəzidir. Bakının ən çox cəlbedici cəhətlərindən biri şəhərin Xəzər dənizi sahilində olması və mətbəxinin dadlı olması ilə seçilməsidir.
Eyni zamanda multikultural bir şəhər olması və insanlarının qonaqpərvərliyini də demək olar. Bu cəhətlər turistləri xüsusən cəlb edir və hər il gələn müştərilər öz ölkələrinə qayıtdıqda bizim reklamımızı yayırlar ki, bu da 5 və ya 10 turistin artması deməkdir.
İldə ölkəyə gələn turist potensialı artır, təbii ki, onlar Bakını əsas yer görüb, daha sonra regionlara gedirlər. İlk olaraq, gələn müştəri Bakının görüb, sonra regionlara səfər edir. Nəticədə isə yenə Bakıdan qayıdır. Bu o deməkdir ki, Bakı paytaxt olmaqla yanaşı, turistlər üçün bir tranzit yer rolunu oynayır.
Bakıda idman, mədəniyyət tədbirlərinin artırılması çox vacibdir. Nəzərə alaq ki, yaxınlarda "Formula 1" olacaq və bura gələnlər xüsusi azarkeş qrupudur. Onlar ölkənin turizm potensialının ciddi şəkildə təbliğini edirlər. Çünki dünyanın ən məşhur idman tədbirlərindən biridir. Eyni zamanda da ölkə iqtisadiyyatına 3-4 gün ərzində daha böyük töhfəni verirlər. Bu da ölkənin daha çox reklam olunmasına gətirib çıxarır.
Qeyd etmək olar ki, Bakıda turistlərin ən çox istədiyi nöqtələrdən biri dənizin və faydalı olan gəmi turunun olmasıdır. Bunu isə əsasən turistlər tapa bilmirlər. Onun üçün həmin gəmi gəzintilərinin mütəmadi olması və müştərilər üçün görünən yerdə onların reklam olunması çox vacibdir ki, müştərilər Bakıya gələndə sadəcə 2 mərtəbəli turistik avtobuslarda deyil, həmçinin Xəzər dəhlizində gəzintiyə çıxıb xeyli təəssüratlarını artıra bilsinlər.
Paytaxtda turizmin inkişafı, təbii ki, iqtisadiyyata birbaşa təsir göstərir. Çünki o, bacasız sənayedir. Ölkə üçün nə qədər turizm potensialımız varsa, onu turistlər üçün tamamlamalıyıq ki, artıq Qarabağ zonası da açılır. Xaricilər oraya həm öz maşınlar ilə, həm də ən asan yoldan, yəni portaldan keçməklə gedə bilirlər. Bu da ümumilikdə sadəcə paytaxtın deyil, ölkənin ümumi turizm inkişafına ciddi təsir göstərir".
Samirə Allahverdizadə
