Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Baku Steel Company”-nin (BSC) baş direktoru Kamal İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti V Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF-2026) çərçivəsində Daşkənd şəhərində səfərdə olub və Özbəkistan Respublikasının dövlət qurumları, eləcə də aparıcı sənaye şirkətlərinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirib.
Bu barədə "İnformator.az" xəbər verir.
Görüşlərdə əsas diqqət metallurgiya sənayesində əməkdaşlıq perspektivlərinə, innovativ texnologiyaların tətbiqinə, xammal və məhsul tədarük zəncirlərinin inkişafına, həmçinin regional sənaye layihələrində iştirak imkanlarına yönəldilib.
Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, həmçinin “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Abduqani Sanginov, “Özbəkistan Metallurgiya Kombinatı” Səhmdar Cəmiyyətinin (“Uzmetkombinat”) İdarə Heyətinin sədri – baş direktoru Bahodir Abdullayev və Daşkənd Metallurgiya Zavodunun rəhbərliyi ilə görüşlər keçirilib. Tərəflər sənaye əməkdaşlığı, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, BSC məhsullarının Özbəkistan bazarına ixracının artırılması, Özbəkistan şirkətlərinin BSC-nin tədarük zəncirinə inteqrasiyası, habelə gələcək kommersiya əməkdaşlığı imkanlarını müzakirə ediblər.
BSC region ölkələri ilə sənaye əməkdaşlığının inkişafına xüsusi önəm verir. Forum günlərində keçirilən görüş və müzakirələr Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə, sənaye kooperasiyasının gücləndirilməsinə və yeni investisiya imkanlarının formalaşmasına töhfə verir. BSC bu istiqamətdə fəaliyyəti ilə iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə və iqtisadi inkişafa dəstək verməyi hədəfləyir.