Baltikyanı təhlükə qorxusu və Avropa dəstəyi: Litvanın sərhəd qərarlarının arxasında nə dayanır?
Son illər Rusiya və Belarus arasında artan gərginlik fonunda Litvanın atdığı addımlar regionda yeni geopolitik dinamikanın formalaşmasına səbəb olub. Xüsusilə nəqliyyat yolları və sərhəd siyasəti ilə bağlı qərarlar bu ölkənin strateji əhəmiyyətini bir daha gündəmə gətirib. Litva ilə bağlı qəbul edilən qərarlar, həm Rusiya, həm də Belarus tərəfindən tənqidlə qarşılanır və bu münasibətlərdə yeni gərginlik ocaqları yaradır.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada politoloq Turan Rzayev bildirib ki,ümumiyyətlə, Litva həm Belarus, həm də Rusiya üçün çox önəmli bir ölkədir. Çünki bu ərazidən mühüm nəqliyyat yolu keçir və həmin yol həm Kalininqrad bölgəsindən keçid edir, həm də ümumilikdə Avropanın əsas nəqliyyat xəttinə birləşir:
"Bu baxımdan Litva həm Rusiya, həm də Belarus üçün strateji əhəmiyyət daşıyır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Litva da məsələyə dair mövqe sərgilədi. Hətta deyə bilərik ki, bəzi məsələlərdə Belarusun narazılığı müəyyən qədər əsaslıdır. Çünki Litva Avropanın rəğbətini qazanmaq və əlavə dəstək almaq məqsədilə belə bir addım atmış ola bilər. Bu kontekstdə Litva Rusiya və Belarusa qarşı ən qəti mövqe sərgiləyən ilk ölkələrdən biridir. Litva birbaşa hərbi və ya iqtisadi yardım göstərməsə də, sərhədlərlə və yoldan keçidə qoyulan məhdudiyyətlərlə Rusiya və Belarusa ciddi zərbə vurur. Bu baxımdan Belarus tərəfinin narazılığı müəyyən mənada haqlıdır. Lakin onu da qeyd etmək lazımdır ki, hər bir dövlətin sərhədləri və ərazisindən keçidlə bağlı qərar vermək haqqı var. Belarusun iradları qismən əsaslı olsa da, bu məsələdə effektiv nəticə əldə etmələri sual altındadır. Litva və ümumiyyətlə Baltikyanı ölkələr Rusiya-Ukrayna müharibəsindən hər zaman narahat olublar. Əslində, bu narahatlıq onların ən çox təsirlənə biləcək regionda yerləşməsi ilə bağlıdır. Müharibə başladıqdan sonra, xüsusilə ilk bir il yarım ərzində Rusiya müəyyən uğurlar qazandı və indi də son dövrlərdə əraziləri yenidən işğal etməyə başlayıb. Belə bir vəziyyətdə isə təbii olaraq sual yaranır: Əgər Rusiya Ukraynada qələbə qazansa, növbəti hədəf kim olacaq? Bu baxımdan, Cənubi Qafqaz, Mərkəzi Asiya və eləcə də Baltikyanı ölkələr ciddi narahatlıq keçirirlər. Litva da həmin ölkələr sırasındadır. Əslində, sizin qeyd etdiyiniz kimi, Litva bu addımları hansı real təhlükələrə cavab olaraq atır sualına cavab məhz buradan qaynaqlanır. Yəni, bu addımların kökündə real təhlükə qorxusu dayanır. Digər tərəfdən, məsələ yalnız təhlükə ilə də bitmir. Burada Avropa İttifaqından alınacaq iqtisadi və siyasi dəstək amili də var. Xüsusilə iqtisadi dəstək məsələsi önəmlidir. Litva kiçik ölkədir və aydındır ki, birbaşa Rusiya ilə qarşı-qarşıya gəlsə, hərbi baxımdan üstünlük əldə edə bilməyəcək. Ancaq bu kimi addımlarla öz mövqeyini göstərir və nəticə olaraq Avropa Birliyindən dəstək alır. Bu da onun üçün həm maliyyə, həm də siyasi baxımdan əhəmiyyətlidir".
Həmçinin politoloq qeyd edib ki,beynəlxalq ictimaiyyətin mövqeyi neytral və vahid olmalıdır:
"Əgər beynəlxalq reaksiya olacaqsa, bu reaksiya bir mənalı şəkildə və konkret olmalıdır. Əks halda,bir qrup Rusiyanı, digər qrup Litvanı və ya başqa bir ölkəni dəstəkləyirsə, burada artıq vahid beynəlxalq mövqe formalaşmır. Bu da beynəlxalq reaksiya anlayışını zəiflədir. Məsələn, BMT tərəfindən hər hansısa bir məsələyə dair rəsmi qətnamə qəbul olunursa, ki bu günlərdə bu, çox çətin hala gəlib, biz onu beynəlxalq reaksiya kimi qiymətləndirə bilərik. Misal üçün,Ermənistan-Azərbaycan münaqişəsində BMT Təhlükəsizlik Şurasının verdiyi qətnamələr var. Bu qətnamələr vahid mövqe əsasında qəbul olunub və bu artıq beynəlxalq reaksiya sayılır. Vaxtilə İraqda Səddam Hüseyn rejiminə qarşı aparılan əməliyyatlar da beynəlxalq reaksiya nümunəsi idi. Amma Litva məsələsində ehtimal olunur ki, qərb ölkələri, yəni əsasən Avropa dövlətləri və ABŞ Litvanı dəstəkləyəcək, digər tərəfdə isə Rusiya tərəfini dəstəkləyənlər olacaq. Belə bir vəziyyətdə yalnız Avropa İttifaqı və ABŞ-nin Litvanı dəstəkləməsi bu dəstəyi beynəlxalq reaksiya kimi qiymətləndirməyə imkan vermir. Bu, sadəcə müəyyən alyans və təşkilat daxilindəki həmrəylikdir".
Aysun Vəliyeva