Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası keçirilib
Belqradda Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Belqradda keçirilən Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci iclası iki ölkə arasındakı münasibətləri artıq sadəcə dostluq müstəvisindən institusional tərəfdaşlıq mərhələsinə keçirir:
“Bu formatın yaradılması o deməkdir ki, tərəflər arasında xarici siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri artıq mütəmadi olaraq ən yüksək səviyyədə koordinasiya ediləcək. Bu əməkdaşlıq, xüsusilə enerji və nəqliyyat sahələrindəki layihələrin icrasını sürətləndirməklə Azərbaycanın Balkan regionundakı mövqeyini, Serbiyanın isə enerji təhlükəsizliyini əsaslı şəkildə gücləndirəcək. Region ölkələrindəki güc balansı kontekstində bu ittifaq Cənubi Qafqaz və Balkanlar arasında yeni bir bağlantı xətti yaradır ki, bu da Avrasiyanın geosiyasi xəritəsində alternativ və stabil bir oxun yaranması deməkdir. Serbiya və Azərbaycanın hər ikisinin suverenlik və ərazi bütövlüyü məsələlərində eyni prinsiplərdən çıxış etməsi onların beynəlxalq təşkilatlarda vahid blok kimi çıxış etməsinə şərait yaradır. Bu isə hər iki ölkənin böyük güclərin təzyiqləri qarşısında daha dayanıqlı olmasına və regional müstəvidə manevr imkanlarının artmasına kömək edir. Azərbaycanın yürütdüyü siyasət baxımından bu əməkdaşlıq rəsmi Bakının şaxələndirilmiş xarici siyasət kursunun növbəti uğurudur. Azərbaycan artıq təkcə enerji resursları satan tərəf deyil, həm də Avropanın daxilində investisiya qoyan və texnoloji tərəfdaş kimi çıxış edən bir dövlətə çevrilir. Bu, Azərbaycanın “post-münaqişə” dövründə formalaşdırdığı aktiv və hücumçu diplomatiyanın Avropanın mərkəzi regionlarına qədər uzanması deməkdir. Beləliklə, Belqrad görüşü Azərbaycanın beynəlxalq nüfuzunun artmasını və onun qlobal layihələrdə vazkeçilməz oyunçu statusunu bir daha təsdiqləmiş olur”.
Günel Əlili
