Beş ölkə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələri göndərəcək
Beş ölkə Qəzzaya beynəlxalq sabitləşmə qüvvələri üçün qoşun göndərməyə razılaşıb. Bu barədə Vaşinqton şəhərində keçirilən “Sülh Şurası”nın ilk iclasında məlumat verilib. Məlumata görə, qoşun göndərməyə razılıq verən ölkələr İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyadır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, dünyanın heç bir aparıcı hərbi-siyasi gücü bu prosesdə iştirak etmək istəməyib:
"Bu baxımdan Azərbaycan da düzgün qərar qəbul edib. Əgər Qəzzada ciddi bir gərginlik yaransa bu ölkələrin problemi həll edə biləcəyi şübhə altındadır. Çünki təsir imkanları demək olar ki, yoxdur. Yalnız Türkiyə prosesə qoşulsa, orada hər kəsin çəkindiyi qüvvə olar ki, onu da İsrail qəbul etməyib. Ümumiyyətlə, verilən qərarı müsbət hesab etmək olar, amma problemin həll edildiyini demək çətindir. Bunun üçün ABŞ-İsrail-Türkiyə xəttində ciddi diplomatik addımlar atılmalıdır. Əslində bu prosesi BMT öz üzərinə götürməliydi, amma artıq işlək olmayan bir qurumdan belə gözləntilər sadəlövhlük olar".
Aişə Mustafayeva
